Azərbaycan borcunu ödəyə bilməyən şəxslərin həbs olunduğu yeganə Avropa ölkəsidir. Bu barədə "Antikollektor" şirkətinin rəhbəri Əkrəm Həsənov Facebook səhifəsində yazıb.
O, qeyd edib ki, Avropa Məhkəməsi onun verdiyi 3 şikayətlə bağlı kommunikasiyaya başlayıb.
"Avropa İnsan Haqları Məhkəməsi üç işi bir kommunikasiyada birləşdirib. Bunlar "Rabitəbank"a borcu olan Vahid Kərimov, "Unibank"a borcu olan Mübariz Bayramov və digər vətəndaşa borcu olan Mahir Abbasovun işidir", o bildirib.
Ə.Həsənov yazıb ki, o, şikayətdə Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin ("Ədalətli məhkəmə araşdırması hüququ") və 4-cü Protokolunun 1-ci maddəsinin ("Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz") pozulduğunu iddia edib.
"Məhkəmə Azərbaycan hökumətinə müraciət edərək 16 yanvar 2018-ci ilədək bu şikayətlərə münasibət bildirməyi xahiş edib. Hökumətimizin rəyi sonra mənə göndəriləcək və mən də həmin rəyə münasibətimi bildirəcəyəm", Ə.Həsənov qeyd edib.
Artıq gələn il Avropa Məhkəməsi bu məsələ ilə bağlı qərar qəbul edəcək.
"Pozuntunun açıq-aşkar olduğunu nəzərə alaraq, böyük ehtimalla şikayətlərimiz təmin olunacaq və dövlətimiz borca görə həbs etdiyi vətəndaşlarımıza kompensasiya ödəməli olacaq. Onu da deməliyəm ki, Avropa Məhkəməsinin indiyədək Konvensiyanın 4-cü Protokolunun 1-ci maddəsinin pozulması ilə bağlı heç bir qərarı olmayıb. Təəssüf ki, birinci olacağıq", ekspert yazıb.
Ə.Həsənov bu xəbərdən sonra borca görə həbslərə son qoyulacağına ümid etdiyini bildirib.
"Ən əsası isə həbslə hədələmə halları da tariximizin bir səhifəsinə çevriləcək. Hər bir halda Avropa Məhkəməsi öz sözünü deyəndən sonra buna son qoyulacaq! Çox az qalıb", ekspert qeyd edib.