Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Vəkil Fəxrəddin Mehdiyev etirazla çıxış edərək bildirib ki, Cahangir Hacıyevin 5 milyard dolları mənimsəməsi, ofşor zonalara ötürülməsi ilə bağlı Maliyyə Nazirliyinin nümayəndəsinin bəyanatı təqsirsizlik prezumpiyasının pozulmasıdır.
“Əgər Maliyyə Nazirliyində bunu təsdiq edən sənədlər varsa niyə istintaqa təqdim etmir?”, vəkil sual edib.
O, 5 milyardlıq mənimsəməyə aydınlıq gətirilməsi üçün Maliyyə Nazirliyinin mətbuat katibinin şahid kimi məhkəməyə cəlb olunmasını xahiş edib.
Dövlət ittihamçısı Fərid Nağıyev bildirib ki, Maliyyə Nazirliyinin açıqlamasında olan 5 milyard məsələsinin cinayət işi ilə əlaqəsi yoxdur. O qeyd edib ki, həmin məbləğ bankla bağlı deyil, şəxslə bağlıdır.
Hakim Əfqan Hacıyev deyib ki, vəsatətə şahid ifadələri başa çatdıqdan və məhkəməyə təqdim edilən sənədlərin öyrənilməsindən sonra baxılacaq.
C.Hacıyev bununla razılaşmayıb və deyib ki, ittihamda yer alan 211 milyon məbləğ iddia edilən 5 milyardla bağlıdır.
“Siz öncə həmin şirkətlərin təsisçisinin kimlər olduğunu yoxlayın. Həmin şirkətlər hazırda Samir Şərifov və digərlərinin benefisləridir. Ona görə də həmin sənədlərin yoxlanması ilə bağlı vəsatət verirəm.
Qoy, məni ölkədən qanunsuz vəsait çıxarmaqda ittiham edənlər bunu sübut etsinlər. Mən bunu sübut etməyə hazıram”, C.Hacıyev vurğulayıb.
Sonra Beynəlxalq Bankın müxtəlif filiallarının əməkdaşları ifadə veriblər. Onlar bildiriblər ki, yanlız sənədləşdirmə işləri aparıblar, qərar qəbul etməyiblər.
Proses sentyabrın 7-də davam etdiriləcək.
Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 2015-ci il martın 18-də "səhhəti ilə əlaqədar" vəzifəsindən istefa verib. Bundan sonra ABB-nin bir sıra keçmiş yüksək vəzifəli əməkdaşları və bankdan böyük kreditlər alan biznesmenlər həbs olunub. Hacıyevin özünü oktyabrın 17-də yaxın qohumu Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən istefasından sonra istintaqa çağırmağa başlayıblar. Dekabrın 5-də Hacıyev həbs olunub.
Hacıyevlə birlikdə ABB-nin keçmiş filial rəhbərləri - Anar Sultanov, Yusif Ələkbərov, İlqar Abdullayev, Kənan Orucov, Məmməd Cahangirov, habelə Bakı Fındıq Emalı Zavodunun keçmiş direktoru Azad Cavadov məhkəmə qarşısına çıxarılıb.
Onlar AR CM-in 179.3.1, 179.3.2 (böyük ölçüdə mənimsəmə, mütəşəkkil qrup tərəfindən törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (odlu silahın və onun komplekt hissələrini qanunsuz əldə edilməsi, başqasına verilməsi, satışı, saxlanması, daşınması) maddələri ilə ittiham olunur.
ABB-nin əsas səhmdarı Azərbaycan hökuməti adından Maliyyə Nazirliyidir. Azərbaycan hökuməti səhmlərin 51,07 faizinə sahibdir, səhmlərin qalan hissəsi isə özəl fiziki və hüquqi şəxslərin payına düşür.
Cahangir Hacıyev özünü təqsirli bilmir və Beynəlxalq Bankın əsas səhmlərinə Maliyyə Nazirliyinin nəzarət etiyini bildirib. Bu səbədən o, bankın Müşahidə Şurasının və maliyyə naziri Samir Şərifovun da hüquqi məsuliyyət daşıdığını bildirib.