Milan Kundera Nyu York şəhəri haqda belə deyib:
“Nyu Yorkun gözəlliyi təsadüfidir. Bir-birindən tamamilə fərqlənən yad formaların qonşuluğundan yaranan təsadüfi gözəllikdir. Hətta daha dəqiq desək, yanlışlardan əmələ gələn gözəllik.”
Nyu York şəhəri maraqlı arxitekturası, təsadüfi gözəlliyi ilə ən azı 100 ildir ki, təəccübləndirir və təəccübləndirməkdə davam edir. Bu yaz Manhattanda Nyu Yorkun yeni rəmzlərindən birinə çevriləcək olan Vessel abidəsinin açılışı olub. Abidə Manhattanda təzəlikcə fəaliyyətə başlayan “Hudson Yards” kompleksndə yerləşir.
Ticarət mərkəzləri, otellər və yaşayış binalarından ibarət kompleks Nyu Yorkun ən böyük özəl daşınmaz əmlak kompleksi olaraq indidən tarixə düşüb.
Tənqidçilərin fikrinə görə, Vessel abidəsi xaricdən böyük şaurmaya bənzəyir. İçəridən isə arı pətəyini xatırladır. Abidə 16 mərtəbəli pilləkənlər kompleksidir, 2500 pillədən ibarətdir. Hər mərtəbə bir eyvan xarakteri daşıyır. Abidənin arxitektoru Tomas Hezervik Vesselin ideyasının Nyu Yorka fərqli mərtəbələrdən və bir çox yeni perspektivdən baxmaq arzusundan yarandığını deyib. Yuxardakı eyvanlardan yeni tikilmiş göydələnlərə, şəhərə və körfəzə mükəmməl mənzərələr açılır. Abidəninn inşasına təxminən 150 milyon dollar xərclənib. Abidəyə giriş pulsuzdur.
Vessel media tərəfindən həm tərif qazanıb, həm də tənqid olunub. Fortune qəzeti Vesselin Eyfel qülləsinə cavab olduğunu yazıb, CNN abidəni rəsm əsərinə bənzədib, New York Times isə Vesseli heç yerə aparmayan pilləkənlər adlandırıb. Həmçinin, memarın İspaniyanın əfsanəvi memarı Gaudidən təsirləndiyini bildirirlər.
Bu abidənin Nyu Yorklular üçün həmçinin yeni bir fitness meydançası olacağı proqnozlaşdırılıb. Şəhərin gözəlliklərini, modern binaları görmək istəyənlər, eyni vaxtda bir neçə mərtəbə qalxmaq imkanı qazanır. Onu deyə bilərik ki, bal pətəyinə bənzəyən Vessel Nyu Yorkun innovativ ruhunu və sağlam həyat tərzinə olan marağını özündə cəmləşdirə bilib.