Accessibility links

Bakıda polis dələduzluq piramidasının üzvlərini saxlayıb


Azərbaycanda polis “Crowd-1” dələduzluq sxeminə rəhbərlik edən şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Azərbaycanda polis 2018-ci ildə xarici ölkələrdən birində yaradılan “Crowd-1” dələduzluq sxeminin toruna düşən şəxslərin çoxluq təşkil etdiyni müəyyən edib.

“Beynəlxalq dələduzluq piramida sxeminə rəhbərlik edən Habil Bədəlov, dəstənin üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva saxlanılıb. Onlar ilkin izahatlarında “Crowd-1”in piramida dələduzluq sxemi olduğunu etiraf edib. Onlara məxsus Bakı və Gəncə şəhərlərində yerləşən ofislərə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron sübutlar aşkar olunaraq götürülüb,” nazirliyin məlumatında qeyd edilir.

Daxili İşlər Nazirliyi bildirir ki, dələduzluq piramidasına xeyli sayda vətəndaşın cəlb edildiyi müəyyən edilib.

“Dəstə üzvləri onlara müraciət edən şəxsləri guya beynəlxalq şirkətə investisiya qoyduqlarını və bu işdən yüksək qazanc əldə edəcəklərinə inandıraraq aldadıblar. Piramidaya qoşulan şəxslərə əvvəlcədən vəd olunub ki, üç fərqli paketlərdən birini əldə etdikdə oyun, təhsil, turizm və sair sahələrlə əlaqəli platformalarda endirimlər, eləcə də “Crowd-1”-ə cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər əldə edəcəklər. Müəyyən edilib ki, dələduz şəbəkə tərəfindən təklif olunan platformaların heç biri fəaliyyət göstərmir. Həmçinin vətəndaşlara “Crowd-1” şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil. “Crowd-1” zərərçəkənlərə 99 avrodan 2499 avroya qədər ödəniş paketləri təklif edib,” məlumatda qeyd edilir.

Faktla bağlı cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin başçısı Habil Bədəlov və digər 5 nəfər istintaqa cəlb edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Habil Bədəlov və digər 5 nəfərin ailə üzvləri və vəkilləri Daxili İşlər Nazirliynin məlumatına hələ münasibət bildirməyib.

XS
SM
MD
LG