Accessibility links

Bakıda aksiya zamanı baş verən insident üzrə cinayət işi başlanılıb


Bakıda aksiya polis tərəfindən dağıdılır
Bakıda aksiya polis tərəfindən dağıdılır

İyulun 14-də Milli Məclisin qarşısında keçirlən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Bu barədə Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri birgə məlumat yayıb.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi ağır döyüşlərin getdiyi mövcud həssas dönəmdə ölkədə ictimai qaydanın və asayişin pozulması hallarının yolverilməzliyini xüsusi olaraq qeyd edib.

“Eyni zamanda, hazırda COVİD-19 pandemiyası ilə mübarizənin getdiyi bir vaxtda şəhər və rayonlarda kütləvi toplantıların keçirilməsinin ağır nəticələrə səbəb ola biləcəyini xatırladaraq, vətəndaşları təmkinli olmağa, şəhidlərimizin əziz xatirəsini mövcud karantin qaydalarının tələblərini nəzərə alaraq yad etməyə çağırırıq,” Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bildirir.

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan cəbhəsində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Milli Məclis Aparatının məlumatında isə deyilir ki, ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər xiyabanı və Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Rəsmi məlumatlarda fakt üzrə cinayət işinin hansı maddələrlə qaldırılması, neçə nəfərin saxlanıldığı bildirlimir.

Qeyri-rəsmi məlumatlara görə, onlarla insan saxlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG