Accessibility links

Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri həbs edilib


Bakı Baş Gömrük İdarəsinin beş vəzifəli şəxsi rüşvət almada şübhəli bilinərək həbs edilib.

Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, aparılan əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunanlarla bağlı 17 may 2021-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Toplanmış sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub.

Həbs edilənlərin yaxınları və vəkilləri hələ bu məlumatla bağlı şərh verməyib.

Bununla yanaşı, bir qayda olaraq yerli mediada və sosial şəbəkələrdə Azərbaycanda gömrük xidməti ilə bağlı tənqidi məqalələr dərc edilir, şərhlər yazılır. Son günlərdə Türkiyədən mal gətirən yük avtomobillərinin sürücüləri Azərbaycan gömrüyündə qanunsuzluqlarla qarşılaşdıqları barədə videolar yayıblar.

Xatırladaq ki, bundan öncəki illərdə də çoxsaylı gömrük əməkdaşları rüşvət ittihamı ilə həbs edilib.

XS
SM
MD
LG