Accessibility links

Bakupress.az saytının rəhbəri həbs edilib


Şəfəq Ağacan məhkəmədən aparılarkən
Şəfəq Ağacan məhkəmədən aparılarkən

Jurnalist həbsinin sifarişli olduğunu bildirib

Narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” saytının rəhbəri Şəfəq Ağacan barəsində mayın 3-də Xətai Rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. Jurnalist məhkəmədən çıxarkən aclıq aksiyasına başladığını bildirib.

Jurnalistin Türkiyədə təhsil alan oğlu Fuad Cəfərli Azərbaycan prezidentinə və I vitse-prezidentə videomüraciət edərək anası ilə bağlı cinayət işini nəzarətə götürmələrini xahiş edib.

O, anasının şərləndiyini, narkotiklərə və psixotrop dərmanlarına satışına qarşı mübarizə apardığına görə tutulduğunu bildirib, eyni zamanda jurnalistləri və hüquq müdafiəçilərini Şəfəq Ağacanın müdafiəsinə səsləyib. Anasının səhhətindən ciddi narahat olduğunu bildirib.

“Şəfəq Ağacan məhkəməyə gətitlərkən qısa zamanda "Mən çox yaxşıyam, məni şərləyirlər" ifadələrini söylədi. Daha sonra məhkəmə prossesini qapalı elan edərək saatlarca orada gözləyən Şəfəq xanımın ailəsi, yaxınları və həmkarlarını içəri daxil olmağa qoymadılar. Və son olaraq məhkəməyə daxil olarkən əhvalı yerində olan Şəfəq xanım kefsiz bir şəkildə yenə mühasirəyə alınmış halda binadan çıxarılaraq polis maşınına mindirilməyə çalışıldı. Yenə jurnalistlərin suallarına cavab vermək istəyən jurnalisti dartaraq maşına mindirdilər. Lakin Şəfəq Ağacan son sözü olaraq "şərləndiyini bu iddiaları qəbul etmədiyini və bu gündən aclıq aksiyası elan etdiyini" ictimaiyyətə bəyan etdi. Şəfəq xanım "qapalı qutu" olan məhkəmənin qərarı ilə 3 aylıq sanksiya həbs qətimkan tədbirinə məruz qaldı”, jurnalistin oğlu Fuad Cəfərli Facebook səhifəsində yazıb.

bakupress.az saytının rəhbəri Şəfəq Ağacan
bakupress.az saytının rəhbəri Şəfəq Ağacan

Rəsmi məlumatlara görə, jurnalist Bakının Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilərkən tutulub.

“Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb. Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib,” məlumatda bildirilir.

Bununla yanaşı, jurnalistin həbs səbəblərinin detalları ilə bağlı hələ nə onun ailə üzvləri, nə də vəkili tərəfindən məlumat yayılmayıb.

Bakupress.az saytında dərc olunan məqalələrin təhlili göstərir ki, saytda təhsil, təhsil kadrları və məktəblilərə qarşı münasibət və narkotik tərkibli dərmanların apteklərdə qanunsuz satışı ilə bağlı son zamanlar daha çox tənqidi məqalələr dərc edilib. Yayılan şayiələrdə isə jurnalistin həbsinin hansısa narkotik dərmanların qanunsuz satışı ilə məşğul olan şəxslərin marağı daxilində olduğu iddia edilir.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Amerikanın Səsinə bildirib ki, Siyasi Məhbusların Müdafiə Mərkəzi hazırda jurnalistin həbsinin səbəbləri ilə bağlı araşdırma aparır.

“İlkin rəy odur ki, jurnalistin həbsəqədərki dövrdə apteklərdə narkotik tərkibli dərmanların qanusuz satışı ilə bağlıı vidoçəkilişiləri və araşdırmaları olub. Bu, onun həbsinin sifarişə söykənməsinə əsaslar verir”, hüquq müdafiəçisi qeyd edib .

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, hazırda Azərbaycanın nə istintaq təcridxanalarında, nə də cəzaçəkmə müəssisələrində istintaq altında və həbsdə olan hər hansı şəxsin aclıq etməsi barədə rəsmi müraciəti yoxdur.

XS
SM
MD
LG