Noyabrın 7-dən Azərbaycan Hava Yollarının (AzAl) Bakı-Nyu-York-Bakı reysləri müntəzəm olaraq “Boeing 787-8” Dreamliner tipli təyyarələrdə yerinə yetiriləcək. Bu barədə şirkətin rəsmi məlumatında deyilir.
“Boeing-787-8” Dreamliner müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir.
Bu reysin sərnişinlərinə 3 xidmət sinifi - ekonom sinfi üzrə 157 yer, biznes sinfi üzrə 35 yer və birinci sinif standartlarına cavab verən lüks sinfi üzrə isə 18 yer təklif olunacaq.
“Boeing-787-8” Dreamliner tipli təyyarəsi artıq transatlantik test uçuşu həyata keçirib və bu xəttin istismarı üçün bütün zəruri icazələri alıb.
Bakı-Nyu-York-Bakı müntəzəm reysləri həftədə iki dəfə - bazar ertəsi və şənbə günləri yerinə yetirilir. Təyyarə Bakıdan səhər saat 6:00-da yola düşür və Kennedi hava limanına yerli vaxtla saat 9:30-da çatır. Əks istiqamətdə uçuşlar elə həmin günlər saat 11:30 yerinə yetirilir.