Accessibility links

“Baku Steel Company”nin rəhbəri 55,2 milyon manatı israf etməkdə günahlandırılır - vəkil və sahibkarın şərhi


Rasim Məmmədov
Rasim Məmmədov

“Baku Steel Company”nin rəhbəri Rasim Məmmədovun həbsi sosial şəbəkələrdə, xüsusi ilə metal sənayesində çalışan iş adamlarının müzakirələrinə səbəb olub. Yerli mediada və sosial şəbəkələrdə yayılan məlumatlara görə Məmmədov son dövrlərədək yüksək vəzifəli şəxslərin himayəsindən istifadə edərək digər bazar iştirakçılarına qarşı təzyiqlər edib. Onun həbsi bir sıra yüksək vəzifəli şəxslərin vəzifədən azad edilməsindən sonraya təsadüf edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin çərşənbə günü, fevralın 3-də yaydığı məlumata görə, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.

Rasim Məmmədovun “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.
DTX-nin məlumatından sitat

Dövlət Təhlükəsizliyi Xidməti dildirir ki, başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rasim Məmmədovun ailəsi vəkil Bəxtiyar Hacıyevlə müqavilə bağlamaslına baxmayaraq o Məmmədovla görüşə və işə buraxılmayıb.

İşə buraxılmayan vəkil Bəxtiyar Hacıyev Amerikanın Səsinə müsahibəsində deyib ki, Məmmədova qarşı irəli sürülən mənimsəmə və israfetmə ittihamı spesifik bir ittihamdır.

İlkin sübutlar məhkəməyə təqdim edilməyibsə və həmin sübutlatın ilkin tədqiqi yoxdursa şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi tam əsassəz və qanunsuzdur
Bəxtiyar Hacıyev, vəkil

“Bu maddənin irəli sürülməsi və ya tövsif olunması onu göstərir ki, təqsirləndirilən şəxslə bağlı zərərçəkmiş şəxslər tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət olunub. Bunun əsasında cinayət işi başlanılıb. Əgər, zərərçəkmiş şəxslər olmasaydı, Cinayət Məcəlləsinin 179.4-cü maddəsini tövsif etmək mümkün olmazdı. Həmçinin vəzifə və dələduzluq ittihamını özündə ehtiva edən halların Rasim Məmmədovun əməlində olmasını birbaşa sübut edən hallar mövcuddursa, onda araşdırmanı Cinayət Prossesual qanunvericiliyinə uyğun olaraq aparan orqan bununla bağlı əsaslandırılmış arqumentlərlə ilkin sübutlar əsasında məhkəməyə həbs ilə bağlı müraciət edə bilər. Lakin, həmin şəxs barədə həbs qətimkan tədbirinin seçilməsinin zəruriliyi, yəni şəxsin istintaqa, araşdrımaya, sübutlara təsir imkanları ehtimalının olması, daimi yaşayış yerinin olmaması, qaçıb gizlənmək imkanının oması, istintaqa gəlməməsi və sair, sübut olunmalıdır. Bu hallar yoxdursa, şəxsin təcrid olunması istintaq orqanının qərəzliliyini sübut edə bilər. Bu halda şəxsin özünün seçdiyi müdafiəçilər vasitəsi ilə müdafiə olunmaq hüququ var. Kimin təqsirləndirilən şəxsi müdafiə etməsindən asılı olmayaraq müdafiə tərəfi ədalətli müdafiə etməlidir və məhkəmənin qərarından apellyasiya şikayəti verməlidir. Hesab edirəm ki, ilkin sübutlar məhkəməyə təqdim edilməyibsə və həmin sübutlatın ilkin tədqiqi yoxdursa şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi tam əsassəz və qanunsuzdur,” Hacıyev qeyd edib.

please wait

No media source currently available

0:00 0:04:10 0:00

Vəkil deyib ki, Rasim Məmmədovun ailəsi onunla müqavilə bağlamasına baxmayaraq müdafiə etdiyi şəxsə təqdim olunmayıb.

“Qanunvericiliyə görə istintaq orqanı məni müdafiə etdiyim şəxsə təqdim etməli idi. Əgər Məmmədov mənim müdafiəmdən imtina edərdisə, bu barədə protokol tərtib edilib cinayət işinin materialına əlavə edilməli idi. Lakin, bu baş verməyib. Yalnız məhkəmədə Rasim Məmmədov deyib ki, onun hüquqlarını dövlət tərəfindən təyin edilmiş vəkillər vicdanla təmin edəcək,” o qeyd edib.

“Baku Steel Company”MMC
“Baku Steel Company”MMC

Rasim Məmmədovun rəhbərlik etdiyi "Baku Steel Cоmpany" ölkənin birinci böyük pоladəritmə müəssisəsidir, 21 iyun 2001-ci ildə fəaliyyətə başlayıb.

Şirkətin hazırda polad istehsalına görə illik istehsal gücü bir milyon tondur. Şirkət armatur, kvadrat pəstah, dairəvi pəstah, şveller, katanka (məftil), künclük, ikitavr, kvadrat və dəmir çubuq, habelə çeşidli fiqurlu tökmələr istehsal edir.

Son bir neçə ildə yerli mediada bu şirkətin monopolist mövqeyi, digər şirkətlərin əmlakının ələ keçirməsi və bir sıra yüksək vəzifəli şəxslərlə yaxınlıq mövqeyindən istifadə edərək bazarda üstünlük qazanması barədə çoxsaylı məqalələr dərc olunub.

“Zülfiqarlı qardaşları” işi üzrə uzun müddət məhkəmə çəkişmələri olub.

“2010-cu ilin dekabr ayında “Baku Steel Company” şirkətinin direktoru Rasim Məmmədov Zülfüqarlı qardaşlarının ofisinə gedib. Zülfüqarlı qardaşlarının sahib olduğu - “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodunun səhmlərinin 20 faiz hissəsini və zavodu ona təhvil verməyi, özlərinin isə ölkəni tərk etmələrini tələb edib. Bunun yüksək vəzifəli dövlət məmurunun göstərişi olduğunu açıqlayıb. Deyib ki, razı olmadıqları təqdirdə Zülfüqarlı qardaşları təkrar azadlıqdan məhrum olunacaq. Onlara məxsus zavoddan 18 milyon manat dəyərində xammal da zorla alınıb mənimsənilib, Zülfüqarlı qardaşları çarəsiz olduqlarını görüb, ölkəni tərk edib,” bu barədə Yeni Müsavat qəzeti yazıb.

Sahibkar Nazim Bəydəmirli istehsalat müəssisəsinin əlindən alındığını iddia edir. Bəydəmirli Amerikanın Səsinə müsahibəsində bildirib ki, hadisə 2012-ci ilin iyul ayında baş verib.

"Baku Steel Company” adlı özəl şirkət metal sənayesində çalışan digər özəl şirkətləri bazardan sıxışdırmaq üçün qoçu dəstələri yaradıb, reyder hücumları təşkil edib. Bunlar birbaşa Rasim Məmmədovun göstərişi ilə həyata keçirilib.
Nazim Bəydəmirli, sahibkar

“Bu Azərbaycan ictimaiyyətinin gözü qarşısında baş verib. O cümlədən televiziyalar çəkib, mediada məlumatlar dərc olunub. Sübut olunmuş fakt olub ki, “Baku Steel Company” adlı özəl şirkət metal sənayesində çalışan digər özəl şirkətləri bazardan sıxışdırmaq üçün qoçu dəstələri yaradıb, reyder hücumları təşkil edib. Bunlar birbaşa Rasim Məmmədovun göstərişi ilə həyata keçirilib. Mənim Rasim Məmmədovla qoçu dəstlərinin vasitəsi ilə müəssisəmizi ələ keçirməsi barədə bir sıra uğursuz danışıqlarım olub. Eyni zamanda, hüquq mühafizə orqanlarına, polisə rəsmi şikayət ərizəsi yazmışdım. Lakin araşdırılmadı. Hətta jurnalistin həmin günü çəkiliş apararkən qolu sındırılmışdı, kamerası qırılmışdı. Heç bir araşdırma aparılmadı. Bizim məhkəməyə verdiyimiz iddialar da qismən təmin olundu. Məhkəmə vurulmuş maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarmadı. Sadəcə Daxili İşlər Nazirliyinə tapşırıldı ki, guya bizim hüquqlarımızı qorusun. Mən 7-8 ildir hüquqi müstəvidə mübarizə aparıram. Sonuncu şikayət ərizəmi iki həftə əvvəl cənab prezidentə ünvanlamışam. Yerli məhkəmələrin qərarından isə Avropa Məhkləməsinə şikayət vermişəm,” o, qeyd edib.

please wait

No media source currently available

0:00 0:02:43 0:00

Bəydəmirlinin sözlərinə görə, Azərbaycana məlumdur ki, Rasim Məmmədov çox qüdrətli adamların sayəsində məsuliyyətdən yayınıb.

“Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir ki, onun müxtəlif sahələrdə, xüsusən metallurgiya sahəsində hüquqi və fiziki şəxslərə qarşı etdiyi qanunsuzluqlar araşdırlır. Bu bizə bir ümid verir. Təbii ki, qanuni araşdırma olacaq. Ümid edək ki, Rasim Məmmədov mənə və digər şəxslərə qarşı əməllərinə görə məsuliyyət daaşıyacaq,” sahibkar qeyd edib.

XS
SM
MD
LG