Accessibility links

Bakıda Azərbaycan, Rusiya, İran prezidentlərinin üçtərəfli zirvə görüşü olub


İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani
İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani

Avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan, İran, Rusiya prezidentləri İlham Əliyevin, Həsən Ruhaninin və Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki,

İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir.

“Ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Azərbaycan İran ilə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir. Sadaladığım təşkilatlarda üç ölkə daim bir-birini dəstəkləyir”.

Əliyev deyib ki, Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olub və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirib.

Onun fikrincə, İran və Rusiya Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşır.

İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani
İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani

“Hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan edib.

Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər. Münaqişə ilə bağlı mövcud olan status-kvo qəbuledilməzdir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin həll olunması üçün ilk növbədə Azərbaycan əraziləri işğaldan azad edilməlidir”, president bəyan edib.

Son vaxtlar yaşadığımız regionda risklər və təhdidlər artır. Biz beynəlxalq terrorizmə qarşı səylərimizi daha da birləşdirməliyik. Əslində bütün dünya səylərini birləşdirməlidir. Biz ancaq bu halda beynəlxalq terrorizmə qalib gələ bilərik.

İlham Əliyev

Əliyev BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə qətnamələrinin icra edilməməsini diqqətə çatdırıb. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur.

“Son vaxtlar yaşadığımız regionda risklər və təhdidlər artır. Biz beynəlxalq terrorizmə qarşı səylərimizi daha da birləşdirməliyik. Əslində bütün dünya səylərini birləşdirməlidir. Biz ancaq bu halda beynəlxalq terrorizmə qalib gələ bilərik. Azərbaycanın terrorizmə qarşı mübarizədə prinsipial mövqeyi dəyişməzdir”, o qeyd edib

Xəzər dənizinin ekosisteminin qorunması bütün Xəzəryanı ölkələrin ümumi işidir. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir.

“Xəzər dənizində zəngin neft-qaz yataqları yerləşir. Xəzərin Azərbaycan sektorunda İran və Rusiya şirkətləri neft-qaz yataqlarının işlənməsində 20 ildir ki, iştirak edir, böyük sərmayə qoyur. Öz növbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR Xəzərin İran və Rusiya sektorlarında aparılan işlərdə iştirak etməkdə maraqlıdır”, Azərbaycan prezidenti deyib.

Onun fikrincə, üçtərəfli format iqtisadi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaqdır. Əliyev Azərbaycan iqtisadiyyatına son 20 ildə 200 milyard dollar xarici investisiya cəlb erdildiyini bildirib.

Dövlət başçısı üç dövlət arasında elektroenergetika sektorunda əməkdaşlığı uğurlu qiymətləndirib.

“Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Rusiya ilə mövcud olan sazişə əsasən Azərbaycanın enerji sistemi Rusiyanın Vahid Enerji Sistemi ilə paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini “Xaçmaz-Dərbənd” və “Yalama” elektrik veriliş xətləri birləşdirir. İran ilə də hazırda “Parsabad”, “Astara-Astara”, “Araz” və “Culfa” elektrik veriliş xətləri ilə enerji mübadiləsi həyata keçirilir. Bir neçə gün əvvəl İmişli və Parsabad arasında elektrik xətti də birləşdirildi. Masallı və Astara şəhərləri arasında isə elektrik xətti yaxın gələcəkdə tam istismara veriləcəkdir”.

Nəqliyyat sektorunda əməkdaşlıqdan danışan Əliyev deyib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi strateji əhəmiyyət daşıyan transmilli layihədir. “Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi vardır. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir”.

İran prezidenti Həsən Ruhani bildirib ki,

üç qonşu ölkə regionda geosiyasi və coğrafi baxımdan mühüm önəmə malikdir.

Terrorizm, ekstremizm, ekoloji sahədə müxtəlif problemlərin yaranması, mütəşəkkil cinayətkarlıq və digər problemlərlə mübarizə hər üç ölkənin anlaşmaya nail olmasını tələb edir.

Həsən Ruhani

“Müxtəlif potensiallardan istifadə, enerji məsələləri, habelə geosiyasi, coğrafi mövqe üç qonşu ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından böyük bir fürsətdir. Digər tərəfdən, terrorizm, ekstremizm, ekoloji sahədə müxtəlif problemlərin yaranması, mütəşəkkil cinayətkarlıq və digər problemlərlə mübarizə hər üç ölkənin anlaşmaya nail olmasını tələb edir”.

Onun fikrincə, İran ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrdə çox müsbət dəyişikliklər baş verib.

“Bu iki ölkə arasında yaxşı qonşuluq münasibətləri var, əlaqələrin genişlənməsi üçün müxtəlif təşəbbüslər irəli sürülüb. Ticari-iqtisadi əməkdaşlığın genişlənməsi baxımından gömrük sahəsində əməkdaşlıq, elektrik xətlərinin, habelə dəmir yollarının birləşdirilməsi ilə bağlı anlaşmalar, Astaraçayın üzərində körpünün salınması, həmçinin Xudafərin su mənbəyindən müştərək istifadə edilməsi kimi faktları göstərmək olar”.

Rusiya ilə ikitərəfli əlaqələrdən danışan Ruhani deyib ki, iki ölkənin əlaqələrinin genişləndirilməsi və nüvə probleminin həlli üçün eyni mövqeyə sahib olmaları, xüsusilə Suriya məsələsində əməkdaşlıq münasibətlərin inkişafına sübutdur.

“Bunu xüsusilə üçtərəfli əməkdaşlığa sirayət etdirmək də mümkündür. O cümlədən viza rejiminin sadələşdirilməsi, sərmayə qoyuluşu, gömrük və texnologiya sahələrində əməkdaşlıq ticari əlaqələrin genişlənməsinə bariz nümunədir. Bu, həmçinin əlaqələrin inkişafı üçün böyük perspektiv açır”.

İran hesab edir ki, üç ölkənin eyni mövqeyə, qarşılıqlı etimada sahib olması müxtəlif sektorlarda, xüsusilə mədəni, iqtisadi sahələrdə potensialı üzə çıxarmağa imkan yaradacaq. Bu ölkələrin bir-birinə yardım etmələri regionda mövcud olan təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlığa da töhfə verə bilər.

“Ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, nəqliyyat, bank, sərmayə qoyuluşu, turizm, habelə dəmir yolu, gəmiçilik sahələrində əməkdaşlıq üçün potensiallardan tam istifadə olunması, maneələrin aradan qaldırılması məqsədilə lazımi işlər görülməlidir. Üçtərəfli anlaşmalar bu baxımdan mühüm rol oynaya bilər”.

Rusiya prezidenti Vladimir Putin deyib ki,

Azərbaycan və İran Rusiya üçün mehriban qonşular və mühüm tərəfdaşlardır.

“Üç ölkəni birləşdirən əsas amil geniş əhatəli regional və qlobal məsələlərə yanaşmanı əlaqələndirməyə hazır olmağımız, ticari-iqtisadi sahədə çoxplanlı praktiki əməkdaşlığı bundan sonra da genişləndirmək istəyimizdir. Onu da qeyd edim ki, bütün dövlətlər, hər halda çoxsaylı dövlətlər bu cür problemlərlə üzləşir. Bu, davam edən qlobal iqtisadi böhrana da, gərginliyə də aiddir. Bizim ölkələr üçün bu, çox cəhətdən onunla bağlıdır ki, indicə dediyim gərginlik sizin və bizim sərhədlərdə xeyli dərəcədə mövcuddur. Mən həm Əfqanıstanı, həm də Yaxın Şərqi, qeyri-sabitlik zonalarını və qaynar münaqişələri, ilk növbədə İŞİD, “Cəbhət ən-Nusra” və digər terror təşkilatları tərəfindən artmaqda olan terror təhlükəsini nəzərdə tuturam. Bütün bunlar bizim üçün real təhlükədir. Bu problemlərin həlli yollarını birgə axtarmaq istəyi ölkələrimizin daha sıx qarşılıqlı əlaqəsini tənzimləmək zərurətini şərtləndirir”.

Mən həm Əfqanıstanı, həm də Yaxın Şərqi, qeyri-sabitlik zonalarını və qaynar münaqişələri, ilk növbədə İŞİD, “Cəbhət ən-Nusra” və digər terror təşkilatları tərəfindən artmaqda olan terror təhlükəsini nəzərdə tuturam. Bütün bunlar bizim üçün real təhlükədir.

Vladimir Putin

Putin Rusiyanın nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edən bəzi məsələləri də qeyd edib.

“Məsələn, beynəlxalq terror təşkilatlarının fəaliyyəti barədə informasiya mübadiləsinin fəallaşdırılmasını məqsədəuyğun hesab edirik. Bu, ölkələrimizin ərazisindən silahlıların, silahların və narkotiklərin tranzitinin qarşısının daha səmərəli alınması üçün lazımdır”.

O ümid edir ki, Xəzər problemlərinə dair üçtərəfli dialoq da Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya üzərində işin tezliklə tamamlanmasına şərait yaradacaq.

“Əminəm ki, Konvensiyanın imzalanması və onun müddəalarının reallaşdırılması Xəzəryanı beş ölkənin hamısının mənafelərinə uyğundur”.

Rusiya prezidentinin fikrincə,nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığın perspektivi ümidverici görünür.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Qərb şaxəsinin yaradılması planlarını nəzərdə tuturam. Energetika sahəsində ilk növbədə Xəzər regionunda neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi layihələrinin reallaşdırılmasını prioritet hesab edirik. Biz hasil edilən xammalın daşınması üçün boru kəməri infrastrukturundan birgə istifadə edilməsinin qarşılıqlı faydalı sxemlərini də müzakirə etməyə hazırıq”.

İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani
İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani

Görüşün sonunda prezidentlər üçtərəfli Bakı sammitinin yekunlarına dair bəyannaməni imzalayıb.

Sənəddə tərəflər terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah dövriyyəsi, narkotik vasitə və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə qarşı mübarizədə qətiyyətli olduqlarını bildiriblər.

Bundan əlavə, tərəflər etiraf ediblər ki, “regionda nizamlanmayan münaqişələr regional əməkdaşlıq üçün mühüm əngəl törədir”. Onlar münaqişələrin “beynəlxalq hüquq norma və prinsipləri əsasında” nizamlanmasının vacibliyini qeyd ediblər.

“Tərəflər bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli inkişafını davam etdirəcəklər, eyni zamanda qarşılıqlı maraq doğuran məsələlərin bütün spektri üzrə müxtəlif səviyyyələrdə siyasi dialoqu genişləndirəcəklər”, - RİA-Novosti-nin yaydığı bəyanatın mətnində deyilir.

Liderlər “hüquq bərabərliyi və qarşılıqlı fayda prinsipləri əsasında” iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

XS
SM
MD
LG