NATO-nun 61-ci ildönümü münasibəti ilə ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında qəbul keçirilib. Qəbulda Azərbaycanın NATO ilə Əməkdaşlıq İnstitutu ilə yanaşı, diplomatik missiyaların nümayəndələri, hərbi sahədə çalışan rəsmilər, politoloqlar, müxalifət liderləri, deputatlar, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib.
ABŞ-ın müvəqqəti işlər vəkili Donald Lu bildirib ki, NATO nəinki hərbi ittifaq, həm də dəyərlər birliyidir.
“NATO Azərbaycanın inkişafına yardım edə bilər və qarşılıqlı olaraq, Azərbaycan da NATO-nun inkişafına kömək edə bilər. NATO fərdi Tərəfdaşlıq Fəaliyyəti Planı vasitəsi ilə Azərbaycanda hərbi və mülki islahatlar həyata keçirməkdədir. Azərbaycan da NATO-nun inkişafına yardım edir. Azərbaycanın İraq, Kosovo və Əfqanıstanda verdiyi töhfələr Avropa və dünyaya göstərdi ki, davamlı və məsuliyyətli müttəfiqdir. Xüsusilə Azərbaycanın Əfqanıstanda polis təlimləri, humanitar yardım və minalardan təmizləmə işlərində Avropa ölkələri arasında liderliyi nümayiş etdirir”.
Cənab Lu ABŞ-ın Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya səylərini alqışladığını da diqqətə çatdırıb.
“Keçmiş Sovet sistemindən qurtulması və NATO ilə əməkdaşlıq istəyi ilə Azərbaycan göstərir ki, o, müstəqil və suverendir. Bu, heç də asan bir seçim olmayıb. Bu, uzaqgörənlik, liderlik və cəsarət tələb edir”, deyə o qeyd edib.
NATO ilə Azərbaycan arasında əlaqələndirici ölkə olan Rumıniyanın səfiri Nikolae Ureke Azərbaycanın NATO-ya inteqrasiya prosesi ilə bağlı danışıb. Onun dediyinə görə, Azərbaycanla NATO arasında yeni fəaliyyət planı ilə bağlı danışıqlar başlayacaq. “Bu ilin aprelində NATO-nun 61-ci, Rumıniyanın NATO-ya üzvlüyünün 6, Azərbaycanın isə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına daxil olmasının 16-cı ildönümüdür. Gələn ay NATO ilə Azərbaycan arasında danışıqların əsas mövzusu Sülh Naminə Fəaliyyət Planı ətrafında olacaq”.
Qəbulda ölkədə ictimai dəstək sahəsində işlərin zəifliyi vurğulanıb. Bu sahədə işləri daha da canlandırmaq üçün vətəndaş cəmiyyəti ilə birgə tədbirlərin davam etdiriləcəyi qeyd edilib.
Cənab Lu tədbirdən sonra “Amerikanın səsi” radiosunun Azərbaycanın bu il Amerika ilə hərbi təlimlərdən imtina etməsi və iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri barədə sualına da cavab verib. Onun fikrincə, Amerika və Azərbaycan arasında çox yüksək səviyyədə hərbi əməkdaşlıq mövcuddur. “2009-cu ildə çox yüksək səviyyədə hərbi təlimlər keçirilib. Ümid edirik ki, gələcəkdə də bu təlimlər davam etdiriləcək”, - deyə o bildirib.