Qarşıdakı 7 ay ərzində Bakı dənizkənarı bulvarı “Dalğa” biznes mərkəzindən Dövlət Bayrağı meydanına qədər genişləndiriləcək. Bu barədə Səbayel rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İsrafil Kərimov Turan agentliyinə bildirib.
Bu məqsədlə sahil boyunca obyektlər sökülür. Belə ki, İlham Allahverdiyev adına gəmiqayırma zavodunun söküntüsü başa çatmaq üzrədir. Bu müəssisə Qaradağ rayonu ərazisinə köçürülür, orada yeni zavod tikilir. Bundan əvvəl, Dövlət Dəniz Administrasiyasının binası sökülərək Bayıl qəsəbəsində Xanlar küçəsindəki yeni ofisə köçürülüb. Sərhəd qoşunlarının hərbi hissəsi Türkan qəsəbəsinə köçürülüb.
Eyni zamanda, bulvarın genişləndirilməsindən sonra “Dalga Plaza”dan Bayıl bazarına qədər yeni avtomobil yolu çəkiləcək. Bu yol sonradan “Bibiheybət” məscidindən aşağıdakı avtotrasla birləşəcək.
Öz növbəsində, Azərbaycan Nazirlər Kabineti yanında Milli Park İdarəsinin rəis müavini Nazim Məcidov Amerikanın Səsi radiosuna deyib ki, bulvarın genişləndirilməsi ilə bağlı sürətləndirilmiş işlər gələn ilin mayında “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədardır.
Bəzi məlumatlara görə, Dövlət Bayrağı meydanında sahildə müsabiqə üçün konsert kompleksi tikiləcək.
Eyni zamanda, bulvar dəniz vağzalından Nobel prospektinə kimi genişləndiriləcək. Nəticədə bulvarın uzunluğu 3,7 km.-dən -6 km-ə kimi artacaq. Yaxın vaxtlarda “Sadko” restoranının yerləşdiyi estakadanın təmiri də başa çatdırılacaq. Bundan əlavə, bulvarın “Venesiya” adı ilə tanınan hissəsi də yenidən qurulacaq.