Sentyabrın 17-də Bakı Mətbuat Klubunun yeni internet saytının təqdimatı olub. Təqdimat mərasimində redaktorlar, jurnalist təşkilatlarının rəhbərləri, ictimai xadimlər iştirak edib.
Bakı Mətbuat Klubu 1998-ci ilin iyulunda “Yeni Nəsil” Jurnalistlər Birliyi, Turan İnformasiya Agentliyi, “525-ci qəzet”, Xalq, Zerkalo qəzetləri, ANS televiziyası və media eksperti Qulu Məhərrəmli tərəfindən təsis edilib. Mətbuat Klubu media və jurnalistlərlə bağlı yaranan problemləri müzakirə edir, mediaya aid qanun layihələrinin hazırlanmasında iştirak edir, mətbuat konfransları təşkil edir, monitorinqlər, analizlər, təhlillər aparırdı.
Klub 2005-ci ilin yanvarında maliyyə və digər problemlər səbəbindən fəaliyyətini dayandırıb. Hazırda təsisçilərdən bir neçəsi klubu yenidən bərpa edəcəyini bildirir.
“Azərbaycanda müstəqil media sıradan çıxarılıb. Bunun zərərini bütün ölkə çəkir. Bu səbəbdən Bakı Mətbuat Klubunun virtual bərpasını zəruri hesab etdik. Ümid edirik ki, yaxın zamanda klubun real bərpası da olacaq” Bakı Mətbuat Klubunun direktoru Arif Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib.
Yeni sayt tədbirlər, xəbərlər, eksklüziv, mediateka, sorğu, forum bölmələrindən ibarətdir.
Arif Əliyevin sözlərinə görə, sayt həm də başqa ölkələrdə yaşayan və media sahəsində çalışan həmvətənlərin, habelə Azərbaycana peşəkar maraq göstərən xarici jurnalistlərin toplaşa biləcəyi platformadır.
“Press-klub onun `qapısını döyən` media işçilərinin hamısının üzünə açıqdır”, o qeyd edib.
“Bu xəbər saytı deyil, ancaq ölkənin vacib xəbərlərini dərc edəcək. Xarici mediada Azərbaycanla bağlı yayılan məqalələri tərcümə edərək yayacaq, media sahəsində beynəlxalq sənədləri, bəyanatları, qərarları, qətnamələri dərc edəcək, yerli medianın tarixi, tirajları barədə məlumatlar olacaq, treyninqlər təşkil ediləcək, analizlər, tədqiqatlar, monitorinqlər aparılacaq” , Əliyev əlavə edib.
Çıxışlarda saytın bloklanması üçün siyasi risklərin olması ehtimalına da toxunulub.
“Biz qanunları pozmayacağımıza söz veririk. Kimlərinsə sayta qarşı qanunu pozmasına isə zəmanət verə bilmərik. Amma dünya təcrübəsindən də bəhrələnmək lazımdır” , klubun təsisçilərindən media eksperti Qulu Məhərrəmli qeyd edib.
Arif Əliyev isə son dövrlər ölkədə media ilə bağlı rəsmi siyasətdə yeni proseslərin baş verdiyinə işarə edib.
“Ümid edirik ki, baş verən yeni proseslər Bakı Mətbuat Klubunun fəaliyyətinə kömək edəcək.”
“Cənub Xəbərləri” qəzetinin redaktoru Zahir Əmənov saytda region mediası ilə bağlı bölmənin olmasını vacib sayır.
“Ölkənin region medialarında dərc edilən maraqlı məqalələrin saytınızda yayılması və regionda medianın inkişafı üçün treyninqlərin təşkili də yaxşı olardı” - deyə, o qeyd edib.