İran məhkəməsi tanınmış mili fəal Abbas Lisaninin kassasiya şikayətini təmin etməyərək, onun 15 illik həbs cəzası haqda hökmü qüvvədə saxlayıb. Abbas Lisani 2019-cu ilin yanvar ayından həbsdə saxlanılır. O, son 15 ildə azərbaycanlıların dil və mədəni hüquqları uğrunda göstərdiyi fəaliyyətlərlə əlaqədar dəfələrlə həbs edilib. ABŞ-da yaşayan milli fəal Babək Çələbiyanlı Amerikanın Səsinə müsahibəsində Abbas Lisaninin həbsi, ona qarşı ittihamlar və reaksiyalar haqda danışıb.
2019-cu ildə iyul ayında Ərdəbil məhkəməsi tərəfindən səkkiz il həbsə və iki il sürgünə məhkum edilmiş tanınmış milli fəal Abbas Lisaninin həbs cəzası sonradan bəraət qazandığı maddələr üzrə ittihamlar əlavə edilərək 15 il müddətinə uzadılıb.
Babək Çələbiyanlı Abbas Lisaniyə qarşı irəli sürülmüş ittihamları “saxta” və “əsassız” adlandıraraq, milli fəalın fəaliyyətini “İran konstitusiyası çərçivəsində azərbaycanlıların hüquqlarını tələb etməyə həsr etdiyini” deyib.
O sadəcə deyib ki, Azərbaycan xalqının da haqqı var ki, öz ana dilində təhsil alsın.
“İttihamlar İranın milli təhlkəsiziyini pozmaq, xarici medialarla danışmaq, qeyri-qanuni GAMAH adında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi qurmaqla İranın milli təhlükəsizliyini pozmaqda ittiham edirlər. Biz bilirik ki, bu cür ittihamlar əsassızdır. Abbas bəy ömrünü Azərbaycan millətinin hüququnu, hətta İran ana yasası çərçivəsində tələb etməyə həsr edib.”
Babək Çələbiyanlı konstitusiyada rəsmi dil olan fars dili ilə yanaşı ana dilində təhsil ala bilmək hüququnun tanınmasına baxmayaraq, İran rejiminin ölkədəki etnik azlıqlara bu hüququ təmin etmədiyini vurğulayıb.
Əgər bizi də öz vətəndaşı kimi qəbul etsəydi, deyərdi, fars da mənim vətəndaşımdı, kürd də mənim vətəndaşımıdı, türk də öz vətəndaşımdı, bunlar da öz dilində oxusunlar.
“Onların amacları budur ki, azərbaycanlıları öz fars hegemonluğuna, fars mədəniyyətinə və fars dilinə assimilyasiya etsinlər. Ona görə də əgər İran bir tərəfdən deyir ki, icazə veririk, uşaqlar məktəblərdə öz dillərində dərs oxusunlar və təhsil alsınlar, bəs nə üçün Abbas bəyi tutublar 15 il zindana? Axı bu əlinə silahmı alıbdı, birinə qarşı savaşmı açıbdı, birini öldürübmü? O sadəcə deyib ki, Azərbaycan xalqının da haqqı var ki, öz ana dilində təhsil etsin və bunun xaricində də bir söz demir.”
Babək Çələbiyanlının sözlərinə görə, “bütün bunlar İran rejiminin azərbaycanlılara ikinci, üçüncü dərəcəli vətəndaş kimi baxdığını” göstərir.
“Ona görə də bizi heç zaman özündən görmür. Əgər özündən görsə idi, əgər bizi də öz vətəndaşı kimi qəbul etsəydi, deyərdi, fars da mənim vətəndaşımdı, kürd də mənim vətəndaşımıdı, türk də öz vətəndaşımdı, bunlar da öz dilində oxusunlar. Amma nə yazıq ki, buna biz şahid deyilik İranda.”
Babək Çələbiyanlı dil və mədəni hüquqların təmin edilməsini tələb edən azərbaycanlı milli fəalların milli təhlükəsizliyə hədə kimi ittihamlarla qarşılaşdığını deyib.
“Azərbaycan milli fəalların ittihamlarına baxdığımızda aşağı-yuxarı demək olar ki, hamısına elə bir i ittihamlar irəli sürürlər. Milli təhlkəsiziyini pozmaq, İrana qarşı fəaliyyət göstərmək, qeyri-qanuni təşkilatlarda üzv olmaq və bu tipli ittihamlar irəli sürülür. Həm Abbas bəy, həm də digər fəallar ki, içəridə olublar. Həqiqətən də deyə bilərəm ki, onlar İran ana yasasının, konstitusiyasının xaricində bir şey istəmirlər, bir şey tələb etmirlər.”
Lakin onun bildirdiyinə görə, ölkə daxilində fəaliyyət göstərən milli fəallar buna baxmayaraq, çox vaxt “saxta ittihamlarla” qarşılaşır və uzun müddətli həsb cəzalarına məhkum olunurlar.