Azərbaycan Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılmış, narkotiki təbliğ edən mahnı ilə bağlı Vüqar Abdullayevi saxlayıb.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, son günlər sosial şəbəkələrdə və internet saytlarında narkotikdən istifadənin açıq təbliğinə həsr edilən musiqili meyxana ictimai rezonans doğurub, narazılığa və etiraza səbəb olub.
“Narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini, “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulmuş və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib,” məlumatda qeyd edilir.
İctimai fəal Bəxtiyar Hacıyev hesab edir ki, narkotiklərə qarşı mübarizə üçün narkotiki yayanlara qarşı mübarizə aparmaq lazımdır.
“Dünən millət vəkili Fazil Mustafa Daxili İşlər Nazirinə müraciət etmişdi ki, sosial şəbəkələrdə mahnı yayanlarla bağlı tədbir görülsün, çünki, həmin adamlar gənclər arasında narkomanlığı təbliğ edirlər. Bu gün Daxili İşlər Nazirliyi həmin mahnının müəllifini saxlayıb, üzərindən də marixuana çıxdığı aşkarlanıb.
Əyləncə məqsədi ilə oxunan mahnını və ona çəkilmiş videoları faciə etmək lazım deyil. Narkomaniya ilə mübarizə heroin və kokain kimi zərərli, təhlükəli vasitələrin ölkəyə daxil olması, satışından başlamalıdır.Bəxtiyar Hacıyev, ictimai fəal
Gənclərin daha real problemləri var. Əyləncə məqsədi ilə oxunan mahnını və ona çəkilmiş videoları faciə etmək lazım deyil. Narkomaniya ilə mübarizə heroin və kokain kimi zərərli, təhlükəli vasitələrin ölkəyə daxil olması, satışından başlamalıdır. Bunun isə yolları mahnı oxumağın qarşısını almaqla yox, hüquq mühafizə orqanlarının daha peşəkar işləməsindən keçir,” o qeyd edib.
Bəxtiyar Hacıyev Facebook səhifəsində yazır ki, dünyanın bir çox ölkələri marixuana istifadəsini ya tam leqallaşdırıb, ya da marixuanaya görə həbs yox,cərimə edirlər.
“Azərbaycanda isə həbsxanaların 70-80 faizi bir dəfə marixuana çəkdiyinə görə həbsə düşüb, heç bir islah işləri aparılmayan, əksinə, yeni cinayətlər (cibgirlik, dələduzluq, oğurluq) öyrənən insanlarla dolur. Həmin insanlar 3-5 il ailələrini başsız, analarını oğulsuz qoyurlar. Bütün bunlara baxmayaraq, marixuana istifadəçilərinin sayı azalmaq əvəzinə, artır. Marixuananın leqal olduğu ölkələrdə isə bu statistika tərsinədir.”
Bəxtiyar Hacıyev hesab edir ki, mahnı oxuyan adamı həbs etmək, gənclərin əyləncə məqsədi ilə çəkilmiş videolarını faciəyə çevirmək mənasızdır. “Narkotiklərlə mübarizə aparmaq istəyən elə o heroin, kokain kimi təhlükəli vasitələri ölkəyə keçirən, satan adamlarla mübarizə aparar, mahnı oxuyanlarla yox. Marixuanaya görə həbsi isə ağır cəza sayıram, buna görə leqallaşma olmasa da, uzağı cərimələr tətbiq edilə bilər ki, adamlar heç bir islah, müalicə aparılmayan həbsxanalarda illərlə həyatlarını çürütməsinlər”, ictimai fəal Facebook səhifəsində yazıb.