Böyük Britaniya Azərbaycana humanitar minatəmizləmədə kömək edəcək.
Böyük Britaniya Krallığının Azərbaycandakı Səfirliyinin məlumatına görə, bu həftə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Partlayıcı Maddələrə qarşı Mübarizə İdarəsinin (CEDE) mütəxəssisi və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Füzuli rayonu ərazisində minalardan zərər çəkmiş hissələri araşdırıb.
Məlumatda deyilir ki, səfərin məqsədi Britaniyanın bu ölümcül cihazlardan gələn təhlükəni aradan qaldırmaq üçün Azərbaycanla necə işləyə biləcəyini müəyyən etməkdir.
Bununla yanaşı, iyunun 10-da xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarpla görüşdə bu ölkənin Azərbaycanın azad edilmiş ərazilərinin minadan təmizlənməsi sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür edib.
"Böyük Britaniya, ANAMA və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi ilə münaqişədən təsirlənmiş bölgələrdəki insanları və uşaqları qorumaq üçün mina təhlükəsinə dair maarifləndirmə proqramında birgə işləməkdən qürur duyur," səfirliyin digər məlumatında deyilir.
Rəsmi məlumatlara görə, 2020-ci il noyabrın 10-da döyüşlərin dayandırılması barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatdan sonra mina partlayışı nəticəsində Azərbaycanın 24 vətəndaşı həlak olub, yüzdən çox insan yaralanıb.
Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.
Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.
Ekspertlərin fikrincə, azad edilmiş ərazilərdə yüz mindən çox mina var.
Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.