Yanvarın 9-da “Azərxalça” ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O milyonlarla manat vəsaiti mənimsəməkdə günahlandırılır.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, aparılmış istintaq tədbirləri ilə Vidadi Muradovun “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələr bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, xalçaların “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Bununla yanaşı, xarici bazarlarda 800 min ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat) təşkil edən yun təmizləmə xəttinin maddi cəhətdən daha ağır şərtlərlə Almaniyada fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsi bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (3 milyon 444 min manat) məbləğdə pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə əsaslı şübhələr yaranıb.
Vidadi Muradovun ailə üzvləri və onun vəkili hələ ittihamlara münasibət bildirməyib.
Bununla yanaşı “RSM Azərbaycan” şirkəti tərəfindən 2016-2017-ci və 2018-ci illər üzrə “Azərxalça” ASC-də maliyyə hesabatlarının auditi aparılıb.
“Azərxalça”nın rəsmi internet saytında dərc edilmiş audit yoxlamalarının nəticələri ilə bağlı “RSM Azerbaijan”nın rəyinə görə, “Azərxalça”da maliyyə nəticələri və pul vəsaitlətinin hərəkəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun gəlir.
Vidadi Muradov 2016-ci il iyunun 10-da "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin olunub.
Onun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytında tərcümeyi-halı dərc edilib.
“Fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" (30 may, 2014-cü il) fəxri adı, "Şöhrət" ordeni (7 mart, 2016-cı il) və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (27 may, 2019-cu il ) ilə təltif edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri doktoru, professordur.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Xalçaşünaslıq" sektorunun müdiri, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının üzvü (ICOM), Naxçıvan Muxtar Respublikasının və Dağıstan Respublikasının Əməkdar incəsənət xadimidir,” Muradovun tərcümeyi-halında belə qeyd edilib.