Avropada yaşayan azərbaycanlı siyasi mühacirlər Strasburqda Avropa Şurasının mənzil-qərargahının qarşısında etiraz aksiyası keçirib. Onlar Avropa Şurası Parlament Assambleyasının üzvlərini Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin qəbul olunmasına çağırıb.
AŞPA bu gün məruzəçi Sunna Evarsdottirin Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsini müzakirəyə çıxarıb.
Aksiyada çıxış edən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov AŞPA üzvlərini Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin qəbul olunmasına çağırıb. Sənəd assambleyanın bugünkü iclasında müzakirə olunacaq.
O, Azərbaycan rəhbərliyindən bütün siyasi məhbusların azad olunmasını tələb edib.
E.Hüseynov Avropa Şurası ölkələrini siyasi məhbus problemini “birdəfəlik” həll etmək üçün Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırıb.
Torhild Sunna Evarsdottirin tərtib etdiyi məruzədə Azərbaycanda "sistemli xarakter" daşıyan siyasi məhbus problemi ilə bağlı ciddi narahatlıq ifadə olunub.
Qətnamədə "siyasi məhbus problemini birdəfəlik həll etmək" təklif edilir.
Yerli hüquq müdafiəçilərinin siyahılarına əsasən, siyasi məhbusların sayı 120 nəfərdən 136 nəfərə qədər təşkil edir.
Azərbaycanın yerli hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı vahid siyahısı yoxdur. Amma rəsmilər bu vaxta qədər ölkədə siyasi məhbusların olduğu fikrini qəbul etmir. Onlar deyib ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əməllərə görə məsuliyyətə cəlb edilib.