Accessibility links

Azərbaycanla İran elektrik enerjisi və neft bazarı barədə müzakirələr aparıb - ekspert rəyi


Azərbaycan və İran nazirləri enerji və neft bazarı barədə müzakirə aparıb
Azərbaycan və İran nazirləri enerji və neft bazarı barədə müzakirə aparıb

Azərbaycan və İran Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə görülən işləri müzakirə edib.

Azərbaycan Enegetika Nazirliynin dekabrın 23-də yaydığı məlumata görə, müzakirələr Azərbaycan energetika naziri Pərviz Şahbazovun İrana səfəri çərçivəsində bu ölkənin energetika naziri Rza Ərdakanla görüşü zamanı olub.

“Görüşdə iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib, həyata keçirilən layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə görülən işlər, o cümlədən cəlb edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması məsələləri nəzərdən keçirilib”, məlumatda qeyd edilir.

Nazirlər Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi ticarəti məsələlərini də müzakirə edib, bu formatda əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Görüşdə iki ölkə arasında imzalanmış sazişlər çərçivəsində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının, habelə “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi məsələlərinə də toxunulub, Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün layihələrin önəmi bir daha vurğulanıb.

Energetika nazirləri tərəfindən stansiya və hidroqovşaqların tikintisinin başa çatdırlmasının vacibliyi qeyd olunub və bu istiqamətdə atılacaq növbəti addımlar, o cümlədən layihələrin icrası məqsədilə yaradılmış komissiyalar və işçi qrupları tərəfindən keçirilən görüşlər, onların nəticələri müzakirə edilib.

Görüş zamanı Azərbaycandan İrana elektrik enerjisinin ixracı və Azərbaycanda İranla sərhəd ərazidə İran qazından istifadə edilməklə elektrik enerjisi istehsalı üçün stansiyanın tikintisi və bu stansiyada istehsal edilən elektrik enerjisinin İrana və üçüncü ölkələrə ötürülməsi, eləcə də, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində İran şirkətlərinin iştirakı məsələləri barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində energetika naziri Pərviz Şahbazov İranın neft naziri Bijan Namdar Zəngənə ilə də görüşüb.

Görüşdə OPEC+ üzrə əməkdaşlığın vəziyyəti və neft bazarının inkişafına dair müzakirələr aparılıb. Həmçinin neft qiymətlərinin sabitləşməsi prosesində birgə mövqedən çıxış edilməsinin vacibliyi və neft bazarının sabitliyinin davamlılığının hasilatın tənzimlənməsinin uzunmüddətli olmasını tələb etdiyi bildirilib.

Enerji məsələləri üzrə ekspert İlham Şaban Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanla İran arasında elektrik enerji mübadiləsi və yüksək gərginlikli elektrik ötürücülərinin yaradılması ilə enerji mübadiləsinin həyata keçrirlməsi barədə artıq 15 ilə yaxındır danışıqlar aparılır.

“Azərbaycanla İran arasında iki istiqamətdə enerjinin ötürülməsi ilə bağlı yüksək gərginlikli elektrik xətləri yaradılıb. Yəni, sovet dövründə olan infrastrukturun Azərbaycan ərazisində və Araz çayı üzərindən keçərək İranın şimalındakı paylayıcı qurğulara qədər olan hissəsi tam yenilənib. Azərbaycanın İranla enerji mübadiləsi də ilbəil artır. Enerji infrastrukturu da kifayət qədər yaxşıdır. Əvvəllər Rusiya bu infrastruktura o qədər əhəmiyyət vermirdi. Amma son illər Rusiyanın Azərbaycanın infrastrukturu vasitəsi ilə İrana elektrik enerjisi ötürməsi məsələləri aktuallaşıb. Hesab edirəm ki, Azərbaycan necə ki, neft tranziti ölkəsinə çevrildi, eləcə də elektrik enerjisi tranziti ölkəsinə çevriləcək. Biz artıq ötən ilin sonu və bu il ərzində şimalda, Samur çayı üzrəində Rusiya elektrik sistemi ilə əlaqələrin inkişafı üzrə keçidlərin qurulmasını müşahidə edirik. Rusiyanın marağındadır ki, özünün cənub qonşusunun ərazisi vasitəsi ilə digər ölkələrlə iqtisadi əməkdaşlığı genişləndirsin.”

Azərbaycan, İran, Türkiyə arasında enerji əməkdaşlığına gəlincə ekspert deyib ki, Azərbaycan indiyədək Türkiyə ilə iki istiqamətdə elektrik enejisi ilə bağlı əməkdaşlıq edir.

“Brincisi, Naxçıvan Muxtar Respublikasında izafi enerji olduqda Türkiyənin İqdır bölgəsinə ötürür. Daha böyük bir xətt, 330 kilovoltluq Azərbaycan-Gürcüstan-Türkiyə xətti mövcuddur. Başqa bir məsələ isə Azərbaycan-İran-Türkiyə-Gürcüstan arasındakı mövcud olan elektrik enerjisi infrastruktrunun vahid bir sietemə salınmasıdır. Azərbaycanla İran və Türkiyə arasında infrastruktur var. Əgər İranla Türkiyə də istiqamətdə işləri reallaşdırsa bu mümkündür.”

İlham Şaban Araz çayı üzrərindəki Azərbaycan-İran hidroqurğuları və elektrik stansiyaları ətrafında yaranmış problemlərin danışıqların gündəliyində olduğunu güman edir.

“Əgər söhbət “Xudafərin” və “Qız Qalası” qurğularından gedirsə, orada İran tərəfi tikinti başa çatandan sonra smeta xərclərinin artdığını bildirib. İndi mən bilmirəm, Azərbaycan və İran hökumətləri bu məsələni necə həll edir. İkincisi. Azərbaycanda daha böyük quru ərazisi su altında qalıb. Bu səbəbdən həmin ərazidən keçən dəmir yolunun bir hissəsi suyun altında qalıb. İndi həmin dəmir yolunu bərpa etmək üçün dağlıq ərazilərdən tunellər çəkilməlidir.”

Ekspert Azərbaycan və Iranın OPEC-də birgə mövqedən çıxış etməsini “mürəkkəb məsələ” kimi qiymətləndirir.

“İran bildirir ki, sanksiyalara görə neft hasilatı həddən artıq aşağı düşüb. Bu səbəbdən İran OPEC-in neft qiymətlərini tənzimləmək üçün hasilatın aşağı salınması ilə bağlı qərarlarına əməl etməyə biləcəyini deyir. Təbii ki, bu siyasi bəyanatdır. Amma Azərbaycanın mövqeyi həmişə OPEC və OPEC+ formatı ilə həmahəng olub. Azərbaycan heç zaman neft hasilatı ilə bağlı özünü bu qurumlara qarşı qoymayıb,” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində bildirib.

XS
SM
MD
LG