Accessibility links

Azərbaycanda "yaşıl enerji"yə keçid necə gedir?


Son illər bütün dünyada olduğu kimi Azərbaycanda da alternativ enerjidən istifadə haqqında geniş danışılmağa başlanıb.

Ekspertlər bütün dünyada neft və qazın alternativ enerji ilə əvəzlənməsini, bərpa olunmayan enerji daşıyıcılarının qiymətlərinin getdikcə aşağı düşəcəyini proqnozlaşdırırlar.

Hətta, Azərbaycan Dövlət Neft şirkəti (SOCAR) rəsmiləri də dəfələrlə bəyan ediblər ki, yaxın vaxtlarda neftin qiymətlərinin yüksək həddə qalxması gözlənilmir. Vurğulanır ki, dünyanın ən böyük neft tələbatçısı olan Amerika Birləşmiş Ştatlarının indiki höküməti daha çox "yaşıl enerji" və bərpa olan enerjinin təşviqini hədəfləyir. Artıq bir çox ölkələr tədricən bərpa olunmayan enerji mənbələrindən imtina etməyə başlayıblar.

Bəs görək Azərbaycanda "yaşıl enerji" ilə bağlı vəziyyət necədir?

Azərbaycanın gücü...

Bu il mayın 3-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Dövlət başçısı bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Energetika Nazirliyinə 1.4 milyon ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmasını qərara alıb.

Energetika Nazirliyindən Turan Agentliyinə bildirilib ki, Azərbaycanın iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün bərpa olunan enerji mənbələrinin potensialı 26940 MVt,dəyərləndirilir.

Qurumdan bildirilib ki, o cümlədən, külək enerjisi 3000 MVt, günəş enerjisi 23040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının imkanı isə 520 MVt həcmində qiymətləndirilir:

“Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7516 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1278 MVt-dır ki, bu da ümumi gücün 17 faizini təşkil edir. Hidroenerji gücü 1135 MVt, külək enerjisi gücü 66 MVt, bioenerji gücü 38 MVt, günəş enerjisi gücü 40 MVt təşkil edir”.

2030-cu ilədək hədəf

Qurumdan qeyd olunub ki, 2030-cu ilədək bərpa olunan enerjinin payını 30 faizə çatdırmaq hədəfi götürülüb:

“VPC şirkətinin hesabatına əsasən, qarşıya qoyulmuş 30 faiz hədəfinə nail olmaq üçün, 1500 MVt qoyuluş gücündə yeni bərpa olunan enerji stansiyaları quraşdırılmalıdır. Bu ümumi gücün də 2020-2022-ci illərdə 440 MVt, 2023-2025-ci illərdə 460 MVt, 2026-2030-cu illərdə 600 MVt olmaqla 3 dövrdə şəbəkəyə inteqrasiyası məqsədəuyğun hesab edilib. Eyni zamanda, bu hədəf üzrə dövlət investisiyası ilə yanaşı, özəl, o cümlədən xarici investisiya hesabına yeni istehsal güclərinin istifadəyə verilməsi istiqamətində tədbirlər həyata keçirilir”.

Nazirlikdən qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni təmin etmək üçün beynəlxalq layihələr icra olunur:

“Yaponiyanın Tepsko şirkəti ilə imzalanan müqaviləyə görə Qarabağda yaşıl enerji zonasının yaradılması üçün müvafiq konsepsiyanın və baş planın hazırlanması nəzərdə tutulur. BP ilə imzalanan müqavilə isə Zəngilan və Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini ehtiva edir”.

Potensial araşdırılır

Qurumdan bildirilib ki, hazırda işğaldan azad olunan ərazilərin yaşıl enerji potensialı araşdırılır :

“İlkin dəyərləndirmələr göstərir ki, burada təqribən 4 min MVt günəş enerji və 500 MVt civarında külək enerji potensialı var. Həmçinin hidroenerji potensialı var. Xudafərin və Qız Qalası hidroqovşaqları üzərində su elektrik stansiyaların tikintisi nəzərdə tutulub. Görülən tədbirlər imkan verəcək ki, bu ərazilərin enerji tələbatları məhz alternativ mənbələr hesabına ödənilsin”.

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, həm günəş, həm də külək enerjisinin istehsalı üçün Azərbaycanda coğrafi olaraq çox gözəl təbii şərait var:

“Amma istehsal həcmlərinə baxdıqda Azərbaycanda alternativ enerjinin istehsal həcmi həddindən artıq kiçikdir”.

…Faizsiz kreditlər, texniki dəstək verilir

Lakin ekspertin sözlərinə görə, ekoloji təmiz enerjinin istehsal səviyyəsində bir az artım var:

“Çünki su elektrik stansiyaları ekoloji enerji növü sayılır. Bu nöqteyi-nəzərdən potensial artıb, xüsusən işğaldan azad olunmuş torpaqlarda hidroelektrik stansiyaların tikilməsi mümkünlüyü bu potensialı artırıb”.

Ekspert qeyd edib ki, Azərbaycan hökuməti bu məsələlərin təşviqi üçün addımlar atmır. İqtisadçı vurğulayıb ki, Avropa ölkələrində və qonşu Türkiyədə bu praktika var:

“Türkiyənin Antalya və Alanya bölgələrində bütün vətəndaşların, fermerlərin, kiçik və orta sahibkarların alternativ enerjiyə keçməsi üçün faizsiz kreditlər, texniki dəstək verilir. Orada indi günəş paneli vasitəsilə əldə olunan elektrik enerjisinin qalan hissəsini dövlət vətəndaşlardan alır və vətəndaş bu yolla artıq pul qazanmağa başlayıb. Bizdə regionlarda bunun üçün kifayət qədər münbit şərait, günəş bolluğu var. Lakin dövlət təşviq etmir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG