Accessibility links

Azərbaycanda sərt karantin rejimi tətbiq edilir


Azərbaycan Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

Qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən adları çəkilən ərazilərdə (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun Bakı vaxtı ilə saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.

Baş Nazir Əsədov dövlət televiziyası ilə çıxışında deyib ki, həftəsonu qadağaların iyunun 13, 14 və 15-də də tətbiq olunması nəzərdə tutulur.

O, hesab edir ki, xüsusi karantin qaydalarının yumşaldılmasından sonra əhali tələbləri daha çox pozub:

“Ona görə də virusa yoluxanların sayında ciddi artım oldu."

Bundan əlavə Əsədov bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisinin sakinləri həftəsonları yaşayış yerlərini və ya olduğu yerləri tərk etmək istədikdə DİN-ə müraciət etməlidir.

Azərbaycanda sərt karantin rejimi tətbiq edilib
please wait

No media source currently available

0:00 0:01:47 0:00

Belə ki, sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

Xatırlatma

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra son günlər infeksiyaya yoluxma halı bir neçə dəfə artaraq iyunun 3-də ən yüksək həddə, 325 nəfərə çatıb, 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 6260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3665 nəfər müalicə olunaraq sağalıb, 76 nəfər vəfat edib, 2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə bir xeyli yumşaldılıb.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

XS
SM
MD
LG