Accessibility links

Azərbaycanda Suriyada müharibədə iştirakda ittiham olunan şəxslərə hökm oxunub


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində terrorizmdə ittiham olunan bir qrup şəxsin işi üzrə prosesdə hökm oxunub.

Məhkəmə Samir Qurbanovu 8 il, Amin Həsənovu 7 il, Əflatun Bayramovu 7 il, Babək Məmmədlini 7 il, Tehran Qasımovu 5 il, Cavid Amanovu, Elgün İsmayılovu, Ələddin İbişovu, Yusif İmanovu, Orxan Qurbanovu, Şəhriyar Cabbarovu 2,5 il müddətinə azadlıqdan məhrum edib.

Hakim hökmü oxuyarkən təqsirləndirilən şəxslər etiraz əlaməti olaraq başlarını şüşə divarlara vurmağa başlayıblar. Bundan sonra mühafizəçilər onları zaldan çıxarıblar və hökm təqsirləndirilən şəxslərin iştirakı olmadan oxunub.

Təqsirləndirilən şəxslərin valideynləri hökmü etirazla qarşılayıblar, hakimlərin və təqsirləndirilən şəxslərin həbsində iştirakı olanların ünvanına lənət oxuyublar.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin 9 ildən 18 ilə qədər azadlıqdan məhrum edilməsini istəmişdi.

Bu iş üzrə keçənlər: Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli bir neçə il öncə Suriyada müharibədə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması), 167-3.1-ci (dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilirlər.

Məhkəmə prosesi 2020-ci ilin fevralında başlayıb, lakin pandemiyaya görə proses uzun müddət dayandırılıb.

Proses bu il bərpa olunub və iclasların birində müttəhimlər həbslərinə etiraz olaraq məhkəmə zalında özlərinə xəsarətlər yetiriblər.

XS
SM
MD
LG