Accessibility links

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb


Azərbaycanda son sutkada koronavirus infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 334 min 132 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 325 min 045 nəfər müalicə olunaraq sağalıb, 4921 nəfər vəfat edib. Aktiv xəstə sayı 4171 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 523 min 638 test aparılıb. Bugünkü test sayı isə 9649-dur.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 2 milyon 253 min 216-ya bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 352 min 958, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 900 min 258 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

Amma həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərəcək.

Azərbaycanda COVID pasportu tətbiq olunur.

XS
SM
MD
LG