Fevralın 12-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 231 840 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 345 nəfər müalicə olunaraq sağalıb, 3 173 nəfər vəfat edib, aktiv xəstə sayı 2 322 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 260, ötən müddət ərzində isə ümumilikdə 2 485 483 test aparılıb.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.
Nazirlər Kabineti bildirir ki, indiyədək ölkəyə cəmi 848 min doz vaksin gətirilib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.