ABŞ Helsinki Komitəsi Konqresdə Azərbaycan mövzusunu gündəmə gətirib.
Mayın 9-da ABŞ Helsinki Komitəsi Konqresdə Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda brifinq keçirilib.
Dinləməyə moderatorluq edən Helsinki Komitəsinin siyasi müşaviri Everet Prays deyib ki, Azərbaycan hakimiyyəti indiki rejimin 2025-ci ilə qədər saxlanmasını legitimləşdirmək üçün konstitusiyaya dəyişikliklər edib.
Çoxları 2014-cü ildə başlanan təqibləri vurğulayır, amma mənim fikrimcə bu proses 2012-ci ildə Milli Məclis seçkiləri zamanı başladı, çünki həmin seçki nəticəsində əsas müxalifət partiyaları parlamentdən kənarlaşdırıldı.
Bu ilin aprelində keçirilən seçkilərdəki beynəlxalq müşahidəçilər “ölkənin siyasi mühitinin, həmçinin əsas hüquq və azadlıqların məhdudlaşdırıldığını” qeyd ediblər.
Onların sözlərinə görə, seçkilər ərəfəsində hakimiyyət bəzi müstəqil xəbər saytlarını bloklayıb, müstəqil jurnalistləri həbs edib.
2017-ci ilin dekabrında Avropa məhkəməsi 2013-cü ildən həbsdə olan müxalifətçi İlqar Məmmədovun həbsinin qanunsuz olması barədə qərar çıxarıb. Ancaq hakimiyyət buna məhəl qoymayıb.
Brifinq zamanı tanınmış tarixçi, professor Odri Alştadt, “Meydan” TV-nin direktoru Emin Milli, Freedom Now-nun icraçı direktoru Maran Turner çıxış edib.
Massaçusets Universitetinin professoru Odri Alştadt Azərbaycanda demokratiya və seçkilərin durumundan bəhs edib. O, Azərbaycanın getdikcə demokratiyadan uzaqlaşdığını deyib. Onun sözlərinə görə, bu proses Sovet dövründən sonra başlasa da, İlham Əliyev hakimiyyəti altında daha da şiddətlənib.
“Çoxları 2014-cü ildə başlanan təqibləri vurğulayır, amma mənim fikrimcə bu proses 2012-ci ildə Milli Məclis seçkiləri zamanı başladı, çünki həmin seçki nəticəsində əsas müxalifət partiyaları parlamentdən kənarlaşdırıldı, hakim partiya və onların tərəfdarları isə parlamentdəki yerlərin əksəriyyətini ələ keçirdi,” o söyləyib.
Odri Alştadt deyib ki, Azərbaycan forma olaraq demokratiya olsa da, mahiyyət etibarı ilə demokratiya deyil. Onun sözlərinə görə, rejim demokratiya terminologiyasından istifadə etsə də, əslində nəzarət etdiyi bir sistem yaradıb və bu sistemdə qanunlar rejimin xeyrinə dəyişdirilir.
Freedom Now təşkilatının icraçı direktoru Maran Törner diqqəti Azərbaycandakı siyasi məhbuslara çəkib. O deyib ki, siyasi-motivli həbslərin miqyasının artmasına səbəb İlham Əliyevi tənqid və siyasi təhlükələrdən qorumaq üçün strukturlaşdırılmış hökümətdir.
“Hökümət bu struktur və repressiyalar vasitəsilə 2011-ci ildən başlayaraq vətəndaş cəmiyyətini sovet üslubu ilə darmadağın etməyə başlayıb.”
Brifinq bitəndən sonra Amerikanın Səsinə danışan Maran Törner Avropa Şurasının Azərbaycan hökümətinin Avropa İnsan Haqları Məhkəməsinin qərarına məhəl qoymayaraq, İlqar Məmmədovu həbsdə saxlamasına cavab olaraq Azərbaycanla bağlı qanun pozma proseduru başlatması məsələsinə də münasibət bildirib.
“Avropa Şurasında xoşagəlməz mühiti nəzərə alaraq, bunun hər hansı müsbət nəticə verəcəyi barədə nikbin olmaq mümkün deyil. Ümid edirəm ki, Azərbaycan ən azından Şuradan kənarlaşdırılacaq. Avropa İnsan Haqları Məhkəməsinin iki qərar verəndən sonra bu işə yenidən nəzər salması daha öncə görünməmiş bir haldır və tamamilə alqışlanasıdır,” o söyləyib.
Dinləmədə həmçinin Meydan TV-nin direktoru Emin Milli çıxış edib. O seçkiləri saxtalaşdırmaq, insanlara işgəncə vermək, onları xaricdən oğurlamaq və son 20 ildə Azərbaycana axan pulların mənimsənməsi kimi cinayətlərin arxasında Əliyev hökümətinin dayandığını deyib və diqqəti onların oğurlanan pullardan istifadə edərək Qərbdəki siyasətçilərə rüşvət verib, onların dəstəyini aldıqlarına çəkib.
Bu qanqster qrupunun arxasında duran İlham Əliyev 2,5 milyard ABŞ dollarını oğurlayıb Britaniyanın ofşor hesablarına yatırıb və pullardan təkcə Azərbaycan xalqına qarşı deyil, Avropa ittifaqı və ABŞ-a qarşı da istifadə edib.Emin Milli
“Bu qanqster qrupunun arxasında duran İlham Əliyev 2,5 milyard ABŞ dollarını oğurlayıb Britaniyanın ofşor hesablarına yatırıb və pullardan təkcə Azərbaycan xalqına qarşı deyil, Avropa ittifaqı və ABŞ-a qarşı da istifadə edib,” Emin Milli deyib.
Tədbir sual-cavab sessiyası ilə başa çatıb.
Bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Bu seçki dövlət başçısının istəyindən asılı olaraq 6 ay önə çəkilib. Bəzi müxalifət qüvvələri ölkədə rəqabət mühitinin olmadığını bildirərək seçkini boykot edib.
Rəsmi məlumata görə, 2003-cü ildən hakimiyyətdə olan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizindən çoxunu qazanaraq rəqiblərini böyük üstünlüklə geridə qoyub.
Hakimiyyət təmsilçiləri ölkədə fundamental hüquq və azadlıqların pozulması ilə bağlı deyilənləri, beynəlxalq müşahidə missiyasının seçkiyə dair tənqidi rəyini rədd edir.