Accessibility links

Azərbaycanda rusdilli məktəblərin çoxluğu müzakirələrə səbəb olub - Ekspert rəyləri


Son günlər Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə, ictimai müzakirələrdə Azərbaycanda rusdilli məktəblərin çoxluğu qınaqlara tuş gəlib. Bu, 1992-1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründən sonra rusdilli məktəblərin sayının azaldılmasının vacibliyi ilə bağlı ikinci ictimai müzakirələrdir.

Müşahidəçilər hesab edir ki, indiki müzakirələr Azərbaycan iqtidarının rus dilində təhsillə bağlı indiyədək apardığı siyasətlə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan siyasi rəhbərləri ölkədə rusdilli məktəbərin çoxluğu ilə bağlı həmişə fəxrlə danışıb.

Prezident İlham Əliyev bu ilin mayında Rusiyanın MİR televiziyasına müsahibəsində bildirib ki, Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur.

"Bizim münasibətlər ən yüksək qiymətə layiqdir. Azərbaycanda rus dilində təhsilin səviyyəsi genişlənir. Artıq Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları mövcuddur," Əliyev bildirib.

Kamran Əsədov
Kamran Əsədov

Ekspert: Azərbaycanda 90 min şagird rus dilində təhsil alır

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov yerli mediaya deyib ki, hazırda ölkədə Bakı da daxil olmaqla, 340 orta məktəbdə tədris rus dilində aparılır.

Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir.
Kamran Əsədov, təhsil eksperti

“Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir.

Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da şagirdlərin 32 faizi deməkdir.

Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. Ali təhsil müəssisələrinin demək olar ki, bütün fakültələrində rus bölməsində təhsil alan tələbələr var”.

Ekspert bildirib ki, rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir.

Fərid Şəfiyev
Fərid Şəfiyev

Fərid Şəfiyev: Müasir iqtisadi inkişaf ingilis dilinin mənimsənilməsini labüd edir

Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev hesab edir ki, təhsil sahəsinə aid olan rus dili məsələsi mövcud şəraitdə siyasiləşdirilir. O qeyd edib ki, uzun illər post-sovet məkanında rus dilinin vəziyyətinin və rusdilli məktəblər məsələsinin siyasi mövzu olması təbii haldır.

“Bu baxımdan Azərbaycanda rus dilli məktəblərin fəaliyyətinə təhsil və iqtisadi inkişaf kontekstində baxmaq lazımdır. Ölkənin müstəqilliyinin möhkəmlənməsi eyni zamanda rəsmi Azərbaycan dilinin güclənməsini və hər bir vətəndaşı tərəfindən sərbəst istifadə edilməsini tələb edir. Bununla yanaşı, müasir iqtisadi inkişaf xarici dillərin və ilk növbədə ingilis dilinin mənimsənilməsini labüd edir."

Şəfiyev vurğulayıb ki, Azərbaycanda olan rusdilli məktəblərin şagirdləri təhsillərini başa vurduqdan sonra rəsmi Azərbaycan dilini mükəmməl səviyyədə bilmir, həmçinin onların rus dilində biliklərinin səviyyəsi də bir çox hallarda qənaətbəxş olmur.

Mövcud şəkildə fəaliyyət göstərən rusdilli məktəblər nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir.
Fərid Şəfiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri

"Beləliklə, mövcud şəkildə fəaliyyət göstərən rusdilli məktəblər nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir. Eyni zamanda ənənəvi olaraq bu məktəblərdə müəyyən akademik baza mövcuddur. Azərbaycanda fəaliyyət göstərən rus dilli məktəblər beynəlxalq təcrübəyə əsasən ikidilli (immersion) sistemə keçə bilər. Bir sıra dövlətlərdə və regionlarda, məsələn, Kanadada və ABŞ-ın ispandilli əhalisinin yaşadığı ştatlarında bu sistem tətbiq olunur. Bu sistemə əsasən məktəblərdə akademik fənlərin tədrisi iki dildə paralel aparılır. Məsələn, bizim təcrübədə kimya Azərbaycan, fizika rus və ya tarix, Azərbaycan, ədəbiyyat rus dilində tədris oluna bilər. Beləliklə, təhsilini başa vuran şagird ilk növbədə rəsmi Azərbaycan dilini, daha sonra xarici dili, indiki halda rus dilini əsaslı şəkildə mənimsəyər. Bu təcrübə eyni zamanda gələcəkdə digər dillərlə, məsələn, ingilis dili ilə bağlı da tətbiq oluna bilər.

Nəticə etibarilə, rus dilli məktəb məsələsi siyasi gündəmdən çıxmalı və sırf Azərbaycanın elmi-tədris müstəvisində inkişaf etdirilməlidir," Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri qeyd edib.

Firudin Cəlilov
Firudin Cəlilov

Keçmiş nazir: Rus məktəblərinin sayının çoxalması doğru deyil

Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilov Amerikanın Səsinə müsahibəsində deyib ki, 1992-ci ildə rəsmi göstəriş olmadan Bakıda on rus dilli məkətəb fəaliyyətini dayandırmalı olub, əvəzində azərbaycandilli məktəblər yaranıb.

“Çünki insanlarda milli dövlətə inam var idi, milli ruh var idi. Bu səbəbdən də insanlar övladlarını tədris rus dilində olan məktəblərdən çıxarıb azərbaycandilli məkətblərə qoyurdu,” keçmiş nazir qeyd edib.

Firudin Cəlilov: Rus məktəblərinin sayının çoxalması doğru deyil
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Cəlilov hesab edir ki, rus dilini bilmək lazımdır.

“Amma ölkədə rus məktəblərinin sayının çoxalması doğru deyil. Bu bizim milli strategiyamızın əleyhinədir.”

Rus dilli məktəblərin çoxalması bizim milli strategiyamızın əleyhinədir.
Firudin Cəlilov, keçmiş təhsil naziri

Keçmiş nazir ölkədə Xarici Dillər Universiteti olduğu halda əlavə olaraq Bakı Slavyan Universitetinin fəaliyyət göstərməsinin əleyhinədir.

“Bu universitetin fəaliyyəti siyasi amillərlə bağlıdır. Hər dəfə deyirlər ki, Ermənistanda rusdilli məktəblər olmadığı halda Azərbaycanda Slavyan Universiteti də fəaliyyət göstərir. Hansı ki, əvvəllər Rus Dili Univeristeti idi. Bir sözlə rus dili məsələsini siyasi gündəlikdən çıxarıb ictimai rəyə tabe etmək lazımdır,” o qeyd edib.

Zahid Oruc
Zahid Oruc

Zahid Oruc: Slavyandilli mütəxəssislərə daxili əmək bazarında ehtiyacla, xaricdəki tələbata birgə qiymət verilməlidir

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc hesab edir ki, slavyandilli mütəxəssislərə Azərbaycanın əmək bazarlında o qədər də çox ehtiyac duyulmur.

Zahid Oruc: Slavyan dilli mütəxəssislərə əmək bazarlında çox ehtiyac duyulmur
please wait

No media source currently available

0:00 0:03:31 0:00

Onun fikrincə, rusdilli məktəblərin çox olması Azərbaycanın on illər sovetlər birliyində olması, karyera quruculuğunda rol oynaması ilə bağlıdır. Bununla yanaşı, ölkə müstəqillik qazandıqdan sonra insanların ingilis dilinə meyli artmaqdadır.

Türk dilində universitetlər yaradılması da mütləq önəmlidir.
Zahid Oruc, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri

“Çünki bu dil vasitəsi ilə insanlar Avropa təhsl müəssisələrində oxuya bilir və elmə əl çatımlıqları yüksəlir,” o qeyd edib.

Onun fikirncə, indiki halda rusdilli məktəb məsələlərinin müzakirəsi regional münasibətlər kontekstində baş verir.

“Türk dilində universitetlər yaradılması da mütləq önəmlidir. Atatürk liseyindən, Dəyanət liseyindən tutmuş, zamanında Çağ Öyrtim mövcud idi. Sonra adlar dəyişsə də bu liseylərin təmayülü qorunub saxlanıldı. Hətta, Qafqaz Universiteti mövcud idi. Bu baxımdan birinin digərinə qarşı qoyulması polemikası qayğılandırır və narahatlıq yaradır,” Zahid Oruc bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri hesab edir ki, dil öyrənərək əmək bazarında yüksək mövqe qazanmaq mühüm amildir.

“Amma, başqa dildə təhsil alaraq həmin ölkənin ideologiyası altına düşmək problemdir,” o qeyd edib.

Limunət Əmrahlı: Anadilli və ingilisdilli məktəblərə üstünlük verilməlidir

Təhsil məsələləri üzrə ekspert Limunət Əmrahlı Amerikanın Səsinə bildirib ki, Azərbaycanda rus dilində təhsil məsələsinin siyasi gündəmdən çıxarılması ölkə rəhbərinin qərarı ilə ola bilər.

Problemin həlli üçün ölkədə ana dilli və ingilis dilli məktəblərə üstünlük verilməlidir.
Limunət Əmrahlı, təhsil eksperti

“İctimai rəy də olmalıdır. Yəni qeyri-hökumət təşkilatları, Elmlər Akademiyasındakı institutlar, elmi şuralalar qənaətə gələ bilər ki, bu proses cəmiyyəti öz soy-kökündən, dəyərlərindən uzaqlaşdırır və gələcək nəsildə milli təfəkkürün formalaşmasının qarşısını alır. Amma, Azərbaycan reallıqlarında bunların heç biri mümkün deyil. Ümid qalır ölkə rəhbərinin iradəsinə, o iradənin də Rusiyanın istəklərinin əksinə gedə biləcəyinə inamıram,” ekspert qeyd edib.

please wait

No media source currently available

0:00 0:03:14 0:00

Əmrahlı hesab edir ki, Bakı Slavyan Universitetinin hazırladığı mütəxəssislərə ölkənin əmək bazarında ehtiyac duyulmur.

“Bu universitetin əvəzində Xarici Dillər Universitetinin tərkibində slavyan dilləri fakültəsi yaratmaq olar. Bizim araşdırmalarımız göstərir ki, Azərbaycanda rus dili vasitəsi ilə öyrənilən biliklərin demək olar ki, əksəriyyəti qərb mənbələrindən gəlir. Çünki rusların özləri də qərb dillərindən tərcümə edirlər. Problemin həlli üçün ölkədə anadilli və ingilisdilli məktəblərə üstünlük verilməlidir. İnsanlar öz dillərində dünyaya çıxış üçün daha zəngin, daha keyfiyyətli informasiyalar əldə etməldir,” o qeyd edib.

XS
SM
MD
LG