Accessibility links

Azərbaycanda keçmiş deputat həbs edilib


Azərbaycan Milli Məclisinin keçmiş deputatı Rəfael Cəbrayılov həbs olunub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, keçmiş deputat külli miqdarda dələduzluqda suçlanılır. İddia olunur ki, sabiq deputat sənəd düzəltmək adı ilə vətəndaşı aldadıb, 240 min manat pulunu ələ keçirib.

Cinayət işinin materiallarında göstərilib ki, keçmiş deputatın qardaşı Rauf Cəbrayılov Bakının Binəqədi rayonunda 2 hektar torpaq sahəsi satıb. Torpağı alan şəxs mülkiyyət sənədini əldə etmək istəyib. Keçmiş deputat torpaq sahəsinə çıxarış almaqda ona kömək edə biləcəyinə söz verib. Bu adla da ondan 240 min manat aldığı iddia edilir.

Cəbrayılovun özü və ya vəkilinin ittihama münasibəti məlum deyil.

Onun işi üzrə araşdırmalar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır.

Rəfael Cəbrayılov aprelin 2-də Binəqədi rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cəbrayılov Milli Məclisin III, IV və V çağırış deputatı olub.

Keçmiş deputatın adı bundan əvvəl də maliyyə qalmaqallarında hallanıb. 2019-cu ildə deputat mandatını borca görə girov qoyması haqda məlumat yayılandan sonra onun deputat səlahiyyətlərinə xitam verilib.

XS
SM
MD
LG