Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.
Bakı Sağlamlıq Mərkəzində başlayan vaksinasiya zamanı səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev peyvənd olunub.
Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə iki mərhələdən ibarət olan bu prosesin birinci mərhələsi fevralın 1-də başa çatmalıdır.
Peyvəndlər birinci mərhələdə risk qrupuna aid şəxslərə vurulmalıdır. Söhbət səhiyyə işçilərindən, 65 yaşdan yuxarı şəxslərdən və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətdən gedir.
İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupunda olanlara (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), ən az bir xroniki xəstəliyi olan 50 yaş, daha yuxarı şəxslərə, təhsil, sosial sektor, ASAN Xidmət, DOST mərkəzlərində və ictimai xidmətdə çalışanlara üstünlük tanınmalıdır.
Rəsmi açıqlamaya görə, Azərbaycan əvvəlcə "Sinovac" şirkətindən (Çin) 2 milyon doza "CoronaVac" vaksini alacaq. Bu prosesin mərhələlərlə həyata keçirildiyi qeyd edilib. Ümumilikdə "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. Bu, 2 milyon əhaliyə kifayət etməlidir. Ümumilikdə əhalinin 40 faizinin (4 milyon) bu prosesə cəlb ediləcəyinin gözləndiyi vurğulanıb.
Xatırlatma
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkədə tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.
2020-ci il dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirib. Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) aktivləşdirilib. Ticarət obyektləri, restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.
Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan yanvarın 18-dən sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılıb. Nazirlər Kabinetinin qərarına əsasən yanvarın 18-dən etibarən “SMS” ilə icazə ləğv edilib. Yanvarın 25-dən iri ticarət və iaşə obyektləri istisna olmaqla ticarət və xidmət sahələri açılacaq, şəhərlərarası və rayonlararası hərəkət bərpa ediləcək.
Fevralın 1-dən isə ictimai iaşə obyektlərində müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunacaq.
Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət qüvvədə qalır. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur.