Aprelin 11-də Azərbaycanda 67 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib, 41 nəfər müalicə nəticəsində sağalaraq evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumatda deyilir ki, vəfat etmiş 1935-ci il təvəllüdlü vətəndaşın anamnezində ürək ritminin pozulması, ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz olduğu göstərilib, ondan koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxıb.
Hazırkı dövrədək ölkədə 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 2840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.