Accessibility links

Azərbaycanda 12 şadlıq evinin sahibləri saxlanıb


Azərbaycanda iki şadlıq sarayının sahibi barəsində cinayət işi başlanıb, 12 obyekt sahibi saxlanıb, 21 obyekt sahibi cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə bu il iyul ayının 1-dən müəyyən qaydalara əməl olunmaqla toy şənliklərinin keçirilməsinə icazə verilib.

Nazirlik vurğulayır ki, bəzi şadlıq saraylarında toyların təşkili zamanı "icaze.e-gov.az" portalından qeydiyyatdan keçilməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi, mərasimlərə qatılan bir sıra şəxslərin vaksinasiya olunmalarını təsdiqləyən sənədin olmaması müəyyən edilib.

Rəsmi məlumata görə, son 3 gündə paytaxtda yerləşən 300-ə yaxın şadlıq saraylarında analoji yoxlamalar aparılıb:

"Nəticədə 12 şadlıq sarayında ("Gülüstan", "Golden Baku", "Billur", "Kral", "Aura", "SS Hall", "Ərzurum", "Neon Palace", "Kleopatra", "Sevən ürəklər", "Xan bağı", "Şuşa") xüsusi karantin rejimindən irəli gələn qaydaların pozulması müəyyən edildiyindən Cinayət Məcəlləsinin 139-1-ci maddəsilə cinayət işləri başlanılıb, təqsirkar şəxslər saxlanılıblar. "

Açıqlamaya görə 4 şadlıq sarayı, 1 restoranda isə ("Yeganə", "Amor", "İdeal", "Retro", "Səda") qayda pozuntularına görə, protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilib:

"Analoji tədbirlər ərazi polis orqanları tərəfindən müvafiq dövlət qurumları ilə birgə respublikanın bütün şəhər və rayonlarında da həyata keçirilir. Belə yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb, 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib."

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib

XS
SM
MD
LG