Accessibility links

Azərbaycan yenidən ciddi karantin rejiminə keçir


Sərtləşdirilmiş karantin rejimi
Sərtləşdirilmiş karantin rejimi

Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq.

“Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda tətbiq olunacaq ciddi karantin rejimi ilə bağlı iyunun 19-da qərar verəcək.Ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək. Ciddi karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq” o qeyd edib.

Karantin dövründə əksər ictimai-iaşə obyektlərində, ticarət mərkəzlərində yerində xidmət dayandırılacaq.

Operativ Qərargahın məlumatına görə, iyunun 18-də Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər bu gün vəfat edib.

Hazırkı dövrədək ölkədə 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4 998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 100 koronavirus testi aparılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, Azərbaycanda koronavirusla əlaqədar icra olunan testlərin sayı 400 mindən çoxdur.

Onun sözlərinə görə, hazırda 5 000 nəfərə yaxın aktiv xəstə var.

“157 nəfər reanimasiya şöbəsində müalicə alır, 30 nəfər süni tənəffüs aparatına qoşulmuş vəziyyətdədir.”

Bayramlı bildirib ki, qaydalara əməl etmək baxımından aparılan müşahidələr onu göstərir ki, vəziyyət heç də ürəkaçan deyil.

"Hələ də qaydalara ciddi əməl etməyən, vəziyyətə barmaqarası baxan vətəndaşlarımız var. Küçələrdə hələ də simptomları olmayan və zəif olan vətəndaşlarımız var. Onlar maskasız gəzdikdə başqa insanları da yoluxdururlar. Hələ də yas yerlərinə kütləvi toplaşanlar var. Yas yerlərində kütləvi yoluxmalar haqqında ciddi epidemioloji nəticələri görürük. İctimai nəqliyyatda qoruyucu vasitələrin, maskanın istifadə olunmaması ilə bağlı kifayət qədər yoluxma halları mövcuddur," o qeyd edib.

XS
SM
MD
LG