Accessibility links

Azərbaycan Xalq Hərəkatının fəalları saxlanılıb


Azərbaycan Milliyətçi Demokrat Partiyasının (AMDP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin üzvü İlyas Abdullayev mayın 18-də saxlanılıb. Bu barədə İlyas Abdullayevin vəkili Yavər Hüseyn bildirib.

Vəkilin sözlərinə görə, Qarabağ müharibəsi veteranı olan Abdullayevlə yanaşı Yavər Mikayılov da saxlanılıb.

“İlyas Abdullayev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (MCQMİ) aparılıb. Mən vəkil kimi order imzalamışam. Mayın 20-də MCQMİ-də oldum. Mənə qeyri-rəsmi olaraq bildirdilər ki, Abdullayev bu idarədə saxlanılmır. Mən də məsələ ilə bağlı Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət etmişəm ki, hüquqlarını müdafiə etdiyim şəxslə əlaqə saxlamağıma imkan vermirlər, bu isə vəkil kimi mənim və müvəkillimin hüquqlarının pozulması deməkdir”, vəkil qeyd edib.

Yavər Hüseyn deyib ki, Abdullayevlə görüşə bilmək üçün mayın 21-də bir daha MCQMİ-yə gedəcək. Vəkil həmçinin hüquqlarını müdaifə etdiyi Yavər Milkayılovun da harada saxlanılması barədə məlumata malik deyil.

AMDP-i partiya fəallarının həbsini hakimiyyətin repressiya aparatının partiyaya qarşı işə salınması kimi dəyərləndirib.

“İlyas Abdullayevlə yanaşı, partiyanın Sumqayıt, Qaradağ, Şəki rayon təşkilatlarının üzvüləri də müxtəlif vaxtlarda polis orqanları tərəfindən saxlanılıb. Bu, təqib və saxlanmalar partiyanın son dövr artan fəallığının nəticəsidir.”

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib ki, mayın 19-dan etibarən Azərbaycan Xalq Hərəkatına daxil olan partiyaların üzvlərinin saxlanılmasına başlanılıb.

“İndiyə kimi hərəkatın 20-yə yaxın üzvü saxlanılıb, onlardan sərbəst buraxılanlar da var. Hazırda saxlanılan 10 nəfərdən 6-sı bizim partiyanın üzvləridir. Onlardan biri də Yavər Mikayılovdur. Ailəsindən bizə deyilənə görə Bakı Şəhər Baş Pois İdarəsində saxlanılır. Amma heç cür görüşə icazə verilmir. Polisin insanları 48 saat saxlamaq hüququ var. Biz hesab edirik ki, bəlkə də Mikayılova hansı adla isə inzibati cəza verilib. Amma Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında da bu barədə məıumat vermirlər,” GAP sədri qeyd edib.

Deylənlərlə bağlı Daxili İşlər Naziriyindən məlumat almaq mümkün olmayıb.

Azərbaycan Xalq Hərəkatı 2019-cu il yanvarın 26-sı təsis olunub. Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə təsis edilən quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lideri İqbal Ağazadə), Demokrat Partiyası (lideri Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.

XS
SM
MD
LG