Accessibility links

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlim-məşqləri davam edir


Azərbaycan və Türkiyə hərbçiləri
Azərbaycan və Türkiyə hərbçiləri

Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə təlimin planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər.

Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.

Plana uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə əməliyyat çərçivəsində havadan hücumla şərti düşmənin hava hücumundan müdafiə vasitələrini, strateji obyektlərini və bu obyektləri müdafiə edən təyyarələrini məhv etmək tapşırığını uğurla icra ediblər.

Qeyd edək ki, Azərbaycan hərbi təyyarəçiləri təlimə Su-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar.

Təlimlər sentyabrın 17-dək davam edəcək.

Eyni zamanda hər iki ölkənin sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri də davam edir.

Təlimin növbəti mərhələsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.

Son illərdə Azərbaycan və Türkiyə hərbçiləri çoxsaylı birgə təlimlər və məşqlər keçirməkdədir. Bu il də birgə təlimlər davam etdirilir.

Belə ki, 2021-ci il fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri keçirilib.

Bu il martın 15-dən 18-dək isə Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər zamanı qoşun növləri "terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatları" üzrə tapşırıqları icra edib.

Martın 27-də Azərbaycan Ordusunun hərbçiləri Türkiyə Milli Müdafiə Nazirliyinin təşkil etdiyi “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” təlimlərində iştirak edib.

Martın 28-də Azərbaycan Ordusunun hərbçiləri Türkiyənin Sparta vilayətindəki Dağ Komanda Məktəbi və Tədrisi Mərkəzində Türkiyə hərbçiləri ilə birgə “Dağçılıq təlimləri” keçirib.

Avqustun 10-da Azərbaycan hava qüvvələrinin hərbçiləri Türkiyədə keçirilən təlimlərdə iştirak edib.

XS
SM
MD
LG