Bu gün, noyabrın 15-də Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun mənzil-qərargahında NATO Baş katibinin müavini Mirça Ceoana ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat Xidməti İdarəsinin məlumatına görə, görüşdə NATO-Azərbaycan tərəfdaşlığının aktual məsələləri, gələcək inkişaf perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bayramov Azərbaycan-NATO tərəfdaşlığının bir sıra istiqamətləri üzrə əldə edilmiş nəticələrdən məmnunluq ifadə edib.
“Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına dəstəyi kontekstində NATO əməliyyatlarına töhfələri məsələsinə toxunub. Nazir Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyimiz ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə NATO rəsmisinə məlumat verib. Torpaqlarımızın işğalı amilinin aradan qaldırılması xüsusunda Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğu vurğulanıb,” məlumatda qeyd edilir.
NATO tərəfi Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfələrini yüksək qiymətləndirib. Baş katibin müavini Azərbaycana Alyans ilə tərəfdaşlığa, xüsusilə də Əfqanıstanda həyata keçirilən əməliyyatda iştirakına görə təşəkkürünü bildirib.
Tərəflər Sülh Naminə Tərəfdaşlıq Proqramının məqsəd və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və praktiki əməkdaşlığın davam etməsinə dair hazırlıqlarını ifadə ediblər.
Azərbaycan ilə NATO arasında əməkdaşlığın təməli 1992-ci ilin mart ayında qoyulub və 1997-ci ildən etibarən, Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb.
4 may 1994-cü ildə Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub.
Azərbaycan Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində SNT proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən istifadə edir.
Müdafiə Nazirliyi bildirir ki, bu mexanizmlərdən istifadə edərək, strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədrisdə müasir standartların tətbiqi, Sülhməramlı Qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, “sahib ölkə dəstəyi” və hava məkanına nəzarət sahələrində müvafiq islahatlar çərçivəsində fəaliyyətlər həyata keçirir.