Accessibility links

Azərbaycan və Gürcüstan sərhədlərin delimitasiyası danışıqlarını davam etdirəcək


Keşikçidağ mağara-kilsə kompleksi
Keşikçidağ mağara-kilsə kompleksi

"Azərbaycan-Gürcüstan sərhədində yerləşən Keşikçidağla bağlı təxribat xarakterli bəyanatlar verilir. Sərhəd dövlət məsələsidir. Bu məsələ dövlətlərarası danışıqlar çərçivəsində həll edilməlidir.”

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov son günlər Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən abidə kompleksi barədə yaranan iddialara münasibət bildirərkən deyib.

ONA saytı onun sözlərinə istinadən bildirir ki, Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə 1996-cı ildən məşğul olur.

Xələf Xələfov
Xələf Xələfov

"Bu dövr ərzində daim danışıqlar aparılıb. Gürcüstanla sərhədin üçdə iki hissəsi delimitasiya edilib, üçdə bir hissəsində isə hələlik delimitasiya prosesi başa çatmayıb. Bu, böyük iş tələb edir. Danışıqlar davam etdirilir. Bu məsələlər ictimai müzakirə məsələləri deyil. Bu, dövlətlərarası xarakter daşıyan ciddi məsələlərdir. Belə məsələlər kiminsə tarixi, yaxud dini fikir söyləməsindən asılı deyil. Məsələ ancaq hüquqi müstəvidə çözülə bilər”.

Xələfov deyib ki, Azərbaycan və Gürcüstan 100 ildən artıqdır bu sərhədlər çərçivəsində yaşayır.

“Sovet vaxtında da, Sovet İttifaqı dağılandan sonra da bu sərhədlər çərçivəsində yaşamışıq. Təbii ki, bu sərhədlərin mövcudluğu barədə müvafiq hüquqi sənədlər var. Ona görə də mən bir daha bildirirəm ki, belə məsələlər hüquqi müstəvidə, danışıqlar yolu ilə həll ediləcək. Bundan əlavə, tarixən Gürcüstan və Azərbaycan xalqları arasında qarşılıqlı dostluq, qonşuluq münasibətləri mövcuddur. Azərbaycan və Gürcüstan dövlətlərini strateji partnyorluq münasibətləri birləşdirir."

Bu məsələlər ictimai müzakirə məsələləri deyil. Bu, dövlətlərarası xarakter daşıyan ciddi məsələlərdir. Belə məsələlər kiminsə tarixi, yaxud dini fikir söyləməsindən asılı deyil. Məsələ ancaq hüquqi müstəvidə çözülə bilər.
Xələf Xələfov, xarici işlər nazirinin müavini

O qeyd edib ki, hər iki dövlətin iştirakı ilə beynəlxalq əhəmiyyətli, strateji işlər görülüb. "Biz bu gün də bu layihələrin üzərində işləyirik. Səslənən müxtəlif bəyanatlar hər iki dövlətin maraqlarına uyğun deyil. Hər iki xalqın marağına ziddir. Belə söhbətlər məsələnin həllinə xidmət edə bilməz. Azərbaycan və Gürcüstan arasında olan dövlətlərarası münasibətlərin potensialı imkan verir ki, biz bu məsələni hüquqi müstəvidə həll edək".

Nazir müavinin sözlərinə görə, gələn həftə Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçiriləcək.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib ki, Azərbaycan-Gürcüstan sərhədlərinin demarkasiyası üzrə komissiyanın ilk iclası gələn həftənin ikinci və ya üçüncü günü keçirləcək.

Komissiyanın Gürcüstan tərəfdən həmsədri xarici işlər nazirinin müavini Laşa Darsalia təyin edilib.

"Bu çox önəmli addımdır. Biz bilirik ki, bu, çox həssas məsələdir. Amma sərhədlərin demarkasiyası-delimitasiyası məsələsi bizim əsas strateji tərəfdaşımızla həyata keçirilir. Bu baxımdan bütün emosiyaları kənara qoyub, komissyaya normal şəraitdə işləyə bilməsi üçün fürsət verməliyik,” David Zalkaliani bildirib.

Bütün emosiyaları kənara qoyub, komissyaya normal şəraitdə işləyə bilməsi üçün fürsət verməliyik
David Zalkaliani,Gürcüstanın xarici işlər naziri

Xatırladaq ki, son bir neçə gündə Gürücstandan bir qrup insan burada kilsə kompleksi ilə bağlı iddialar irəli sürüb, sərhəd ərazisinə gələrək gərginlik yaratmağa cəhd edib.

Azərbaycan "Keşikçidağ" mağara-kilsə kompleksindəki tarixi abidələri dövlət səviyyəsində qoruma altına alıb. Bu məqsədlə hələ 2007-ci ildə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Qoruğun direktoru Musa Mursaquliyev Amerikanın Səsinə bildirib ki, mağara-kilsə kompleksi 25 kilometr ərazidəki təpəlikdə yerləşir.

Alimin sözlərinə görə, qədim məskənlərin eramızdan əvvəl 3-4 min illik tarixi var. Qədim zamanlardan bu ərazi strateji əhəmiyyətinə görə - hər iki tərəfdən çöl zonaları üzərində yüksəklik olduğuna görə müdafiə məqsədilə istifadə olunub.

“Burada hətta təbii mağara şəklində, həm də orta əsrlərin əvvəllərində süni şəkildə yaradılmış mağaralar şəklində sığınacaqlar olub. Orta əsrlərin tarixi abidələri Qafqaz Albaniyasının xristian mədəniyyətinə aiddir.

Sovet dövründə bu ərazi hərbi poliqon idi, burada təlimlər və artilleriya atışları keçirilirdi. Hazırda bütün kompleks üç hissədən ibarətdir. David Qareci monastırının da yerləşdiyi bir hissə Gürcüstan ərazisindədir. Daha bir mağara kompleksi Azərbaycan ərazisinə uzanır.

Gürcüstan prezidentinin bu yaxınlarda sərhədə baş çəkməsindən və onun bəyanatlarından sonra məsələ aktuallaşıb. O tərəfdən razılaşdırılmamış aksiyalar başlayıb.
Musa Mursaquliyev, "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru

Gürcüstan tərəfin iddia etdiyi hissə sərhəddə yerləşir. Burada sərhəd dağ silsiləsinin mərkəzindən keçir və hər bir tərəf öz yamacına nəzarət edir. Burada Azərbaycan hissəsində 40-a yaxın mağara, bir qala və iki kilsə yerləşir. Bu kilsələr Gürcüstan tərəfdən ziyarət məqsədilə və turizm məqsədləri ilə ziyarət olunur.”

Quliyevin sözlərinə görə, Azərbaycan heç vaxt bu yerlərin ziyarət olunmasına mane olmayıb.

"Gürcüstan prezidentinin bu yaxınlarda sərhədə baş çəkməsindən və onun bəyanatlarından sonra məsələ aktuallaşıb. O tərəfdən razılaşdırılmamış aksiyalar başlayıb, buna görə qoruq bir neçə günlük bağlanıb, hazırda o, yenidən ziyarətə açıqdır",o bildirib.

Azərbaycan "Keşikçidağ" abidəsini qoruq elan edərək, onun mühafizəsinə xüsusi əhəmiyyət verir. Gürcüstan tərəfindən abidəyə dövlət səviyyəsində belə bir status verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG