Accessibility links

Azərbaycan və Ermənistan sərhədində gərginlik davam edir


Son günlər Azərbaycan-Ermənistan sərhədinfəki gərginlik artan xətlə inkişaf etməkdədir. Hər iki ölkənin rəsmi qurumları qarşılıqlı atışmalar barədə məlumat yaymaqda davam edir.

Tərəflər atəşkəsin pozulmasında bir-birini günahlandırır.

Bu gün, noyabrın 15-də Ermənistan Təhlükəsizlik Şurasının yaydığı bəyanatda deyilir ki, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətindəki sərhəd hissələrindən birində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri zirehli texnikanın dəstəyi ilə Ermənistan Silahlı Qüvvələrinin 4 döyüş mövqeyini mühasirəyə alıb.

“Danışıqlar nəticəsində Azərbaycan hərbi texnikası və qoşunları Ermənistan ərazisini tərk edib. Ermənistan Silahlı Qüvvələrinin bölmələri yuxarıda göstərilən dörd döyüş mövqeyindən çıxarılıb. Bu ərazidə may ayında Ermənistanın suveren ərazisini işğal etmiş Azərbaycan hərbçiləri öz yerlərində qalmaqda davam edirlər”, bəyanatda bildirilir.

Ermənistan Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sülh yolu ilə nizamlanmasının, yəni qoşunların Sovet Ermənistanı ilə Sovet Azərbaycanının de-yure sərhədindən çıxarılmasının və sərhədin demarkasiyası və delimitasiyasına başlanılmasının zəruriliyini vurğulamaqda davam edir.

“Biz həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərini Qarabağ münaqişəsinin sülh yolu ilə və hərtərəfli həlli üçün səyləri gücləndirməyə çağırırıq,” Ermənistan mediasında yayılan Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirirb ki, Azərbaycan hərbçiləri ölkənin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirir.

"İlk növbədə qeyd etmək istərdik ki, son zamanlar Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq, Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, ötən həftə, noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunun Qaragöl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, 13 noyabrda Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonundakı Azərbaycan Ordusunun mövqelərini atəşə tutması, habelə 14 noyabrda Ermənistan Silahlı Qüvvələrinin iki dövlətin sərhədinin Laçın rayonunu istiqamətində cəmlənərək növbəti təxribata hazırlığına cavab olaraq Azərbaycan tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Vurğulayırıq ki, Azərbaycan hərbçiləri ölkəmizin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirir. Həmçinin xatırladırıq ki, mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür," Abdullayeva qeyd edib.

İki ölkənin sərhədlərində gərginliyin artması Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun noyabrın əvvəlində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün olacağı ilə bağlı yaydığı məlumatdan sonra başlayıb.

Müşahidəçilərin firkincə, liderlərin görüşündə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın yaradılması, həmçinin Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirəcək Meğri dəhlizi də daxil olmaqla, bütün kommunikasiya xətlərinin açılacağı barədə sənəd imzalanacağı gözlənilir.

Rəsmi məlumatlara görə, noyabrın 13-də Azərbaycan hərbçilərinin və Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığında keşik çəkdiyi buraxılış məntəqəsində erməni əsilli bir mülki şəxs qumbara atıb.

Sosial şəbəkələrdə yayılan videoda mülki şəxsin Rusiya sülhməramlılarının olduğu buraxılış məntəqsindən keçdikdən sonra avtomobildən düşərək Azərbycan hərbçilərinin durduğu istiqamətə qumbara atdığı və Rusiya sülhməramlılarının həmin şəxsi saxlayaraq xüsusi təyinatlı avtomobilə mindirdiyi göstərilir. Rəsmi Bakının məlumatına görə, qumbara partlaması nəticəsində azı 3 hərbçi xəsarət alıb və ölkənin prokurorluğunda cinayət işi qaldırılıb.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan döyüş əməliyyatlarının dayandırılması barədə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

XS
SM
MD
LG