Mayın 18-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə video-konfrans formatında görüşü olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatında deyilir ki, xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüş keçirib. Görüşdə, həmçinin Fransa və ABŞ həmsədrlərinin köməkçiləri iştirak edib.
Görüşdə tərəflər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini, eləcə də qarşıdan gələn aylarda, qlobal pandemiya sonrası atılacaq addımları müzakirə edib. Tərəflər pandemiya zəiflədikdən sonra Azərbaycan və Ermənistan xarici İşlər nazirlərinin Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünün keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi üzrə razılaşıblar.
Azərbaycanda narazılıq artır
Bununla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 9-da Azərbaycanın Şuşa şəhərinin ermənilərin nəzarətinə keçməsinin 28-ci ildönümündə erməni tərəfinin Şuşada təşkil etdiyi tədbirdə iştirakı rəsmi Bakının və ictimaiyyətin etirazına səbəb olub. İctimaiyyət Azərbaycan hökumətindən qəti addımlar atmasını və hərbi rəhbərlikdən Ermənistanın baş nazirinin Dağlıq Qarabağa səfərlərinin qarşısını almağı tələb edib.
Müxalifət qüvvələri və ictimaiyyət təmsilçiləri ATƏT-in Minsk Qrupunun fəaliyyətinə etiraz edib, ölkə rəhbərliyinin diqqətinə münaqişənin həlli üçün hərbi yoldan başqa yol qalmadığını çatdırıb.
Aprel görüşü
Bu il aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü baş tutub.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir ki, iki ölkə arasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə martın ortalarından sıx məsləhətləşmələr keçirilir.
“Məsləhətləşmələrin gedişatında Cenevrədə bu ilin 30 yanvarında yayılmış birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində növbəti addımları nəzərdən keçirilib. Etiraf edilib ki, COVID-19 pandemiyası nəticəsində yaranmış fövqəladə vəziyyətə görə daha əvvəl uyğunlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsi təxirə salınıb. Həmçinin nazirlərin şəxsi görüşləri və həmsədrlərin Cenevrədə razılaşdırılmış regiona səfərləri təxirə salınıb. Bununla belə, bu tədbirlərin hazırlığı üzrə lazımlı iş davam edir,” sənəddə qeyd edilir.
Həmsədrlər indiki şərtlərdə atəşin dayandırılmasına ciddi riayət etməyin və fitnəkar hərəkətlərdən çəkinməyin əhəmiyyətini vurğulayıb və tərəfləri gərginliyin sonrakı dövrdə azaldılması üçün tədbir görməyə çağırıb.
Azərbaycan-Ermənistan liderlərinin Münhen debatı
Bundan öncə bu il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında 45 dəqiqəlik panel müzakirələr keçirilib. Debat hər iki liderin bir-birini ittiham edən tərzdə gərgin keçib.
Prezident İlham Əliyevə bölgənin tarixinə toxunaraq deyib ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.
Sualları cavablandıran Əliyev işarə edib ki, sülh yolu ilə razılaşmaq mümkün olmasa Azərbaycan işğal olunmuş torpaqları azad etmək hüququndan istifadə edəcək.
Paşinyan həll yolunun üç tərəfi - Ermənistan, Qarabağ və Azərbaycanı qane etməsi və hərbi həllin mümkün olmaması barədə öz əvvəlki tezisini təkrarlayıb.
Sonra o, Əliyevi Dağlıq Qarabağ erməniləri ilə birbaşa danışıqlara çağırıb.
Prezident Əliyev cavab verib ki, Ermənistan öz qoşunlarını çıxarıb işğal etdiyi torpaqları azad edən kimi Azərbaycan Qarabağ erməniləri ilə danışacaq.
O, Qarabağın münaqişə tərəfi olması barədə Ermənistanın iddialarını rədd edib. Münaqişə tərəfləri Azərbaycan və Ermənistandır, erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflərdir. Bu barədə ATƏT-in Minsk Qrupunun sənədlərində də deyilir.
“Sülh yolu ilə nizamlanma necə görünür?” Zaldan verilən bu sualın cavabında Əliyev mərhələli variantı qeyd edib. İşğal olunmuş ərazilər azad edilir, erməni qoşunları çıxarılır, münasibətlər normallaşır və Qarabağın statusu bundan sonra həll olunur.
Paşinyan buna cavab olaraq deyib ki, Qarabağ ətrafındakı ərazilər “təhlükəsizlik zonasıdır” və erməni tərəfi bunu “asanlıqla qaytara bilməz”.
Münaqişə haqqında qısa məlumat
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2019-cu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri, xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.
“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”
Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.
“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.