Accessibility links

Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətlərinin rəhbərlərinin görüşdüyü bildirilir


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevlə işçi görüş keçirib.

Bu barədə media Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzinə istinadən məlumat yayıb.

Görüşün Ermənistanın Ararat bölgəsinin Yerasx icmasına bitişik Naxçıvanla həmsərhəd bitərəf sərhəd zonasında baş tutduğu qeyd edilir.

"Görüş zamanı əsirlərin dəyişdirilməsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələlər müzakirə edilib. Bu mövzularla bağlı əlaqələr davam ediriləcək," məlumatda deyilir.

Bununla yanaşı, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti görüşlə bağlı hələ məlumat yaymayıb.

Yerli ekspertlər, iki ölkənin təhlükəsizlik xidmətlərinin rəhbərlərinin danışıqlarında həmçinin Azərbaycan və Ermənistan rəhbərlərinin gözlənilən görüşündə müzakirə ediləcək, o cümlədən Naxçıvanı Azərbaycanla birləşdirəcək Mehri dəhlizinin açılması məsələlərinin diqqət mərkəzində olduğunu təxmin edir.

İki ölkənin liderlərinin yanvarın 11-də Moskvada görüşünün olacağı ilə bağlı mediada qeyri-rəsmi mənbələrə istinadən məlumatlar yayılıb. Lakin, rəsmi qurumlar bu məlumatı nə təsdiq, nə də təkzib edib.

2020-ci ilin dekabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun təşəbbüsü ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyan və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyev arasında Moskvada görüş keçirilib. Görüşdə əsirlərin qaytarılması və itkinlərin axtarışı kimi təcili məsələlər müzakirə edilib. Daha sonra tərəflər bir sıra sahələrdə iş aparılması barədə razılığa gəlib.

XS
SM
MD
LG