Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı hazırki vəziyyəti və gərginliyin azaldılması imkanlarını müzakirə edib.
Bu barədə news.am saytı Ermənistanın baş nazirinin mətbuat katibi Vladimir Karapetyana istinadən məlumat yayıb.
"MDB-nin 11 oktyabr tarixli Aşqabad sammitinin yekunlarına həsr olunmuş rəsmi axşam yeməyində yerlər əlifba qaydasında ayrılıb, Əliyev və Paşinyan yan-yana oturublar və söhbət ediblər. Söhbət əsasən Qarabağ münaqişəsinin nizamlanması sahəsində cari vəziyyətə, gərginliyin azaldılması imkanlarına və gələcək addımlara həsr olunub," Karapetyan bildirib.
Onun sözlərinə görə, söhbət 1,5-2 saat davam edib.
Karapetyanın sözlərinə görə, Ermənistan baş naziri Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul ola biləcək münaqişənin nizamlanması düsturunu yenidən təkrar edib. Əliyevin buna nə cavab verdiyini mətbuat katibi açıqlamayıb.
Öz növbəsində Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiyanı "Day.az" saytına şərh edib.
“İclasda iştirak edən dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi nahar zamanı protokol qaydalarına uyğun olaraq əlifba sırası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yanaşı əyləşiblər. Təbii ki, orada təmas olub. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub,” mətbuat katibi qeyd edib.
Münaqişə haqqında qısa məlumat
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.
“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”
Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.
“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.