Accessibility links

Azərbaycan və Ermənistan arasında döyüşlər üçüncü gündür davam edir


Azərbaycan və Ermənistan qoşunları arasında döyüşlər üçüncü gündür davam edir.

Tərəflər hərbiçilər və mülki əhali arasında itkilərin olduğunu bildirir. Ermənistan rəsmi mənbələri azı 5 mülki şəxsin, Azərbaycan tərəfi isə 11 mülki vətəndaşının öldürüldüyünü bildirir.

Azərbaycan hərbçilər arasında itkilərlə bağlı hələ rəsmi məlumat yaymayıb. Ermənistanın rəsmi məlumatına görə, sentyabrın 28-də günün sonunadək 84 hərbçisini itriib.

Azərbaycan və Ermənistan müdafiə nazirlikləri ağır döyüşlərin əsasən cəbhənin cənub və şimal-qərb istiqamətində davam etdiyini bildirir. Tərəflər döyüş zonasından müxtəlif videolar paylaşıblar.

Azərbaycan Müdafiə Nazirliyi Füzuli rayonu istiqamətində erməni qüvvələrinə ağır zərbələr endirdiyi barədə məlumatlar yayıb.

Təmas xəttindəki döyüşlərdə ağır artilleriyadan və dron zərbələrindən istifadə olunur.
Təmas xəttindəki döyüşlərdə ağır artilleriyadan və dron zərbələrindən istifadə olunur.

Ermənistan rəsmi hərbi mənbələri Azərbaycan tərəfinə zərbələr endirildiyini və Azərbaycan Ordusunun itkilər verdiyini bildirir. Onlar təkcə 29 sentyabrda Azərbaycan Ordusunun 11 dronu, 1 hərbi mühəndis maşını, 4 zirehli maşını və 5 tankını sıradan çıxardıqlarını bildirirlər.

Həmçinin Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonundakı yaşayış məntəqələrinə mərmilər atıldığı barədə məlumat yayıb. Ermənistan tərəfi Azərbaycan qüvvələrinin Ermənistanın Vardenis rayonunda mülki avtobusu vurduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı bildirib ki, döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 zenit-raket kompleksi Azərbaycan ərazilərinə daxil olduğu anda məhv ediləcək.

“Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri döyüş növbətçiliyindən çıxarılaraq işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir. Bildiririk ki, onları da ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir,” o, qeyd edib.

Ermənistan Müdafiə Nazirliyi çərşənbə axşamı xəbərdarlıq edib ki, daha uzaqmənzilli və dağıdıcı silahlardan istifadə edə bilər.

Çərşənbə axşamı, sentyabrın 29-da Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib ki, 27-29 sentyabr tarixlərində erməni ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 10 nəfər həlak olub, 30 nəfər yaralanıb. Həlak olanlar arasında 13, 14 yaşlarında iki məktəbli də var.

Günay Səlimzadə
Günay Səlimzadə

Onun sözlərinə görə, mülki əhali Tərtər, Ağdam, Cəbrayı, Goranboy, Naftalan və Daşkəsən rayonları atəşə məruz qalıb.

Naftalan şəhəri yaxınlığındakı Qaşaltı-Qaraqoyunlu kəndində bir ailənin 5 üzvü öldürülüb. Kənd sakini Elbur İsa oğlu Qurbanov və onun 4 nəfər ailə üzvü, o cümlədən iki övladı öldürülüb.

Atəş nəticəsində Ağdam rayonunun Evoğlu kənd sakini Coşqun Ənvər oğlu Paşayev, Tərtər rayon sakini Mehman Sovet oğlu Əliyev, Tərtər rayonunun Şıxarx qəsəbəsi sakinləri Xaliq Asif oğlu Abbasov və Elşən Asif oğlu Abbasov qardaşları həlak olublar.

Bu faktlar üzrə Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

Xarici İşlər Nazirliynin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Amerikanın Səsinin "2016-cı ilin aprel döyüşlərində olduğu kimi indi də xarici təşəbbüslərlə aktiv hərbi əməliyyatlar dayandırıla bilərmi?" sualının cavabında deyib ki, Azərbaycan Ordusu Ermənistanın Azərbaycanın mövqelərinə qarşı apardığı hücuma cavab tədbirləri həyata keçirir.

Leyla Abdullayeva
Leyla Abdullayeva

“Bu gün Azərbaycan Ordusu beynəlxalq tanınmış sərhədləri çərçivəsindəki torpaqlarında düşmən qüvvələrinə qarşı mübarizə aparır. Həm beynəlxalq hüquq, həm də ədalət Azərbaycanın tərəfindədir. Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü təmin etmək və Ermənistan tərəfindən hədəfə alınmış mülki insanlarımızın təhlükəsizliyini təmin etmək üçün əks həmlələr həyata keçirir. Nə qədər ki, düşmən qüvvələri tərəfindən bu cür təcavüz aktlarına, hücumlara əl atılacaqdır Azərbaycan Ordusu tərəfindən bu cür cavab veriləcək,” o qeyd edib.

Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana telefonla zəng edib. O, hər iki tərəfi atəşkəsə riayət etməyə və danışıqlar prosesini bərpa etməyə çağırıb.

XS
SM
MD
LG