Martın 7-də Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda sərhədçinin həlak olduğu haqqında məlumat yayıb. Bu Qazax istiqamətində son iki gündə həlak olan ikinci hərbçidir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, martın 7-də “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi (Bakıdan 540 kilometr qərb) yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı əsgər Eltun Qarayev odlu silahdan açılmış atəş nəticəsində yaralanıb, dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri həyata keçirilir, məlumatda bildirilir.
Xatırladaq ki, martın 5-də Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığında döyüş məntəqəsində Ermənistan tərəfdən açılan atəş nəticəsində sərhədçi Orxan Paşazadə həlak olub.
Son bir neçə ayda Azərbaycanın dövlət sərhədinin bu istiqamətində gərginlik davam edir. Belə ki, son aylarda Qazax rayonu isiqamətində 5 sərhədçi və bir mülki vətəndaş həlak olub. Bundan öncə gərginlik bu il fevralın 24-də və martın 5-də baş verib.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 2019-ci ildə Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xəttində döyüş postlarının Müdafiə Nazirliyindən təhvil alındığını bildirib.
“Burada Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyası xidməti-döyüş fəaliyyətinə başlayıb. İl ərzində bu istiqamətdə bütün sərhəd döyüş məntəqələri, 3 yeni hərbi hissə inşa olunub, sərhəd döyüş məntəqələrinə aparan və onlar arası 38,7 kilometr məsafədə qoruyucu val sədləri və 92 kilometr məsafədə yollar salınıb, istifadəyə verilmiş hərbi obyektlər müasir istilik sistemləri, generator və günəş batareyaları ilə təmin edilib, sərhəd döyüş məntəqələrinə sənaye işığı, qaz və su xəttləri çəkilib”, o qeyd edib.