Accessibility links

Azərbaycan prezidenti: “Trans-Adriatik boru kəmərinin 87 faizi hazırdır”


Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci toplantısı olub
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci toplantısı olub

"Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var. Ötən ilin fevralında şura qarşısında çıxışımda TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir.” Bu barədə Azərbaycan prezidenti İlham Əliyev fevralın 20-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında bildirib.

Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak edib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir.

TANAP kəməri
TANAP kəməri

“Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Lakin, eyni zamanda, hazırda istismar prosesində olan digər yataqlar da var və düşünürəm ki, tezliklə biz “Abşeron” yatağından yaxşı nəticələr əldə edəcəyik. Əminəm ki, ən yaxın gələcəkdə biz oradan qaz hasil etməyə başlayacağıq. Böyük qaz ehtiyatına malik “Ümid”, “Babək” yataqları və digər yataqlar da çox ümidvericidir.”

Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger deyib ki, Azərbaycan qazının gələn il Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyir.

“Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsinin mümkün qədər tez tamamlanması üçün əlindən gələni edəcək.”

Enerji sahəsində irəliləyiş hər iki tərəfə, həmçinin qalan digər sahələrdə danışıqları yekunlaşdırmağa imkan verməlidir.
Gunter Ottinger, Avropa Komissiyasının komisarı

Günter Ottingerin sözlərinə görə, ötən ilin iyulunda Azərbaycan və Avropa İttifaqı birgə tərəfdaşlıq prioritetlərini irəli sürüb, onlar artıq ratifikasiya olunub və 2018-ci ilin oktyabrında qüvvəyə minib.

“Hazırda Avropa İttifaqı Avropa qonşuluq aləti çərçivəsində prioritetlərin birgə həyata keçirilməsini dəstəkləmək üçün maliyyə mexanizmi hazırlayır. Tərəfdaşlıq prioritetləri həm də mühüm enerji fəslini əhatə edən, hazırda haqqında danışıqlar apardığımız genişləndirilmiş razılaşmanın gələcək icrası üçün zəmin yaratmağa kömək edəcək. Biz artıq bu danışıqlarda əhəmiyyətli irəliləyişə nail olmuşuq. Bu həftə Məşvərət Şurasına paralel olaraq, səmərəli ticarət danışıqları aparılır.”

Komissar enerji məsələsi Azərbaycan üçün üçün xüsusilə həssas məsələ olduğnun başa düşdüyünü bildirib.

“Öz narahatlıqlarımızı və sizin narahatlıqlarınızı nəzərə almağa hazırıq. Lakin biz həm də yeni tərəfdaşlıq razılaşması kontekstində Avropa İttifaqının normativ-hüquqi bazasına hörmət etməliyik. Mən eşitməyə məmnunam ki, dünənki enerji danışıqları mahiyyət etibarilə irəliləyişə imkan verdi. Enerji sahəsində irəliləyiş hər iki tərəfə, həmçinin qalan digər sahələrdə danışıqları yekunlaşdırmağa imkan verməlidir. Bu, bizə əhəmiyyətli hissəsi ticarət üzrə aparılan danışıqları tamamlamağa və 2019-cu ilin sonlarına yaxın komissiyamızın səlahiyyət müddətinə kömək etmək imkanını verəcək,” deyə komissar Avropa İttifaqı ilə Azərbaycan arasında digər sahələrdə aparılan danışıqlarda irəliləyişlərin vacibliyinə işarə edib.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci toplantısı olub
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci toplantısı olub

O, Azərbaycanın geosiyasi mənada rolunun da yüksək olduğunu deyib.

“Azərbaycan öz limanlarına və dəmir yolu şəbəkələrinə sərmayə yatırır. Azərbaycan Avropa İttifaqına Mərkəzi Asiyaya və Çinə çıxış əldə etmək üçün mühüm bir yol açır.”

Sonra Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini plenar sessiya ilə davam etdirib.

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Sandra Oudkirk bildirib ki, 2020-ci ildə ilk qaz TAP vasitəsilə İtaliyaya və Yunanıstana nəql olunacaq.

Aralıq dənizinin şərqindən, Mərkəzi Asiyadan və Qafqazdan Avropadakı istehlakçılara daha böyük həcmdə qazın çatdırılması, onun dinc şəraitdə hasil edilməsi baxımından region ölkələri üçün fürsətdir. Birləşmiş Ştatların hökuməti bu məqsədə nail olmaqda göstərdiyiniz səyləri qətiyyətlə dəstəkləyəcək.
Sandra Qudkirk, ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri

“Trans-Adriatik boru kəmərinin və Yunanıstan-Bolqarıstan interkonnektorunun inşasının başa çatdırılması Azərbaycan ilə Avropa arasında siyasi və iqtisadi münasibətlərdə, eləcə də Avropanın enerji təhlükəsizliyində tarixi an olacaqdır.”

Onun sözlərin görə, Birləşmiş Ştatlar bu layihə ilk dəfə on il əvvəl təklif olunandan etibarən Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyib.

“Biz bilirik ki, o, enerji təchizatının şaxələndirilməsində Azərbaycanın və Avropanın göstərdiyi səylərdə mühüm rol oynayaraq Xəzər regionunda daha geniş iqtisadi inteqrasiyanı təmin edə bilər. Prezident Tramp bu layihənin vacibliyini vurğulayır. O, 2018-ci ildə prezident Əliyevə göndərdiyi məktubunda Cənub Qaz Dəhlizini inanılmaz nailiyyət adlandıraraq, onu Avropaya lazım olan enerji təhlükəsizliyini təmin edən layihə kimi qiymətləndirmişdir.”

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri deyib ki, Cənub Qaz Dəhlizi genişlənmək məqsədilə tikilmişdir.

“Bunu nəzərə alaraq deməliyəm ki, o, Aralıq dənizinin şərqindən, Mərkəzi Asiyadan və Qafqazdan Avropadakı istehlakçılara daha böyük həcmdə qazın çatdırılması, onun dinc şəraitdə hasil edilməsi baxımından region ölkələri üçün fürsətdir. Birləşmiş Ştatların hökuməti bu məqsədə nail olmaqda göstərdiyiniz səyləri qətiyyətlə dəstəkləyəcək. Gələn illərdə biz regionun resurs potensialını reallaşdırmaq və onu dünyanın ən iri enerji bazarına açıq etmək üçün imkanları araşdıraraq sizinlə birlikdə işləyəcəyik,” o qeyd edib.

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Sandra Oudkirk
ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Sandra Oudkirk

Tədbirdə çoxsaylı digər ölkələrin yüksək vəzifəli şəxsləri, şirkət rəhbərləri çıxış edib.

Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev bildirib ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritet enerji layihəsidir.

“Türkmənistan Qərb istiqamətində və Avropa ölkələri bazarını təmin etmək üçün lazım olan miqdarda təbii qazın təchizatını təşkil etmək imkanına malikdir. Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə qiymətli töhfə verə biləcək mühüm infrastruktur layihələrindən biri Transxəzər qaz boru kəməridir. Bu layihənin reallaşdırılmasının texniki-hüquqi aspektlərinə dair ilk müzakirələr üçtərəfli formatda Türkmənistan, Azərbaycan və Avropa İttifaqı arasında 2011-ci ildə başlanıb. Sonradan danışıqlar beştərəfli formatda - Gürcüstan və Türkiyə də daxil olmaqla 2015-ci ildən nazir müavinləri səviyyəsində davam etdirilib. Türkmənistan Avropa istiqamətində türkmən qazının çatdırılma mümkünlüyünün müzakirəsi üzrə danışıqları bərpa və davam etdirməyə hazır olduğunu təsdiq edir.”

Daha sonra Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə qəbul edilib.

Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi

“Şahdəniz Mərhələ 2” çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək.

Bunun üçün bir sıra mövcud infrastrukturun genişləndirilməsi və yeni boru kəmərləri zənciri inşa edilir.

-Mövcud Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək

- Trans Anadolu Boru Kəməri (TANAP) Şahdəniz qazını Türkiyə ərazisi boyunca nəql edəcək

- Trans Adriatik Boru Kəməri (TAP) qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək.

Bu layihələr birlikdə Cənub Qaz Dəhlizi kimi tanınır. Bu layihə çox sayda müxtəlif maraqlı tərəfləri – o cümlədən yeddi hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir.

XS
SM
MD
LG