Accessibility links

Azərbaycan prezidenti: Azərbaycanın Avropa İttifaqı ilə saziş üzrə danışıqları bərpa ediləcək


Azərbaycan Avropa İttifaqı ilə "bərabərhüquqlu saziş" imzalamağa hazırlaşır və sənəd 90 faiz hazırdır.

Bu barədə prezident İlham Əliyev martın 5-də hakim Yeni Azərbaycan Partiyasının qurultayında çıxışı zamanı bildirib.

“Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Hazırda heç kim haqda danışmaq istəmirəm, amma bunu deməliyəm. "Şərq Tərəfdaşlığı" ölkələrindən hansı Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb? Heç biri. Onlar assosiativ saziş imzalayıblar. Mən bu sazişi görmüşəm.

Bu, faktiki olaraq saziş deyil, təlimatdır, sadəcə, təlimat. Bu ölkələrə təlimatlar verilir: bunu belə etmək lazımdır, ya başqa cür. Mən isə bundan imtina etdim. Dedim ki, bizə belə bir təlimat lazım deyil. Biz özümüz bilirik ki, nə etmək lazımdır," Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini bərabərhüquqlu şərtlərlə qurur.

"Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik, bu saziş artıq 90 faiz razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək. Ona görə də biz bu sahədə də uğurlar əldə etmişik, çünki bizim başqa ölkələrlə xarici siyasətimiz çoxşaxəlidir," prezident bildirib.

Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. "Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. 2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb.

Azərbaycanla da sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlanıb. Ancaq hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi 2019-cu il aprelin 25-də Bakıda keçirilib.

Hələ 2019-cu il aprelin 4-də Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışında deyib ki, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar yaxın günlərdə başa çata bilər.

"Biz danışıqları yekunlaşdırmağa çox yaxınıq. Bu yaxınlarda, biz danışıqları, onun bütün 3 hissələri üzrə sinxronlaşdırmaya müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız var... Mən danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm," o bildirib.

Azərbaycanın müxalifət qüvvələri isə 2019-cu ildə bildirib ki, Azərbaycan cəmiyyətinin Avropa ailəsinə tam və bərabər transformasiya olunması insanların ən yüksək maraqlarına və məqsədlərinə cavab verən ən yaxşı strateji seçimdir. Bu seçimin alternativi yoxdur.

“Sazişin imzalannasından öncə bütün siyasi məhbuslar azad edilməli və siyasi məhbus təcrübəsi ləğv edilməlidir. Media azadlığının və sərbəst toplaşmaq azadlığının təmin edilməsi üçün ciddi praktik addımlar atılmalıdır. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi daxil olmaqla, daha geniş seçki islahatı başlanmalıdır. Vətəndaş cəmiyyəti və müstəqil QHT-lərin fəaliyyəti üçün əlverişli mühit bərpa olunmalıdır. Siyasi partiyalara və fəallara edilən təzyiqlər ləğv edilməli, siyasi əsasda hər hansı ayrı-seçkilik aradan qaldırılmalı və sağlam siyasi mühit bərpa olunmalıdır. Korrupsiya və inhisarla bağlı mübarizə sona çatdırılmalıdır, real və ciddi tədbirlər görülməlidir, ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə süni maneələr aradan qaldırılmalıdır. Məhkəmə sisteminin müstəqilliyi icra hakimiyyətinin siyasi sifarişlərin yerinə yetirilməsindən və ədalət mühakiməsi mexanizminə çevrilməsindən, ədalətli məhkəmə-hüquqi islahatların aparılmasından irəli gələn kimi imitasiya olmamalıdır,” Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında deyilir.

XS
SM
MD
LG