“Qaraheybət” Təlim Mərkəzində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün və Hərbi Hava Qüvvələrinin Mi-17 helikopter cütlüyünün NATO qiymətləndirilməsi təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, kəşfiyyat bölüyünün qiymətləndirilməsi çoxmillətli qiymətləndiricilər qrupu tərəfindən həyata keçirilib və NATO-nun Quru Qoşunları Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən izlənilib. Hərbi Hava Qüvvələrinə aid Mi-17 helikopter cütlüyü isə NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndələri tərəfindən qiymətləndirilib.
Təlimlərin keçirilməsində məqsəd NATO-nun Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin döyüş hazırlığının, fəaliyyətinin və təchizatının NATO standartlarına uyğunluğunun yoxlanılmasından ibarətdir.
Mətbuat xidməti bildirir ki, bu təlimdə Azərbaycan Ordusu ilk dəfə olaraq Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində quru qoşunları və hərbi hava qüvvələri bölmələrinin əməliyyatlar zamanı birgə fəaliyyətini praktiki olaraq icra edib.
NATO eksperti, polkovnik-leytenenat Olan These təlimlərin nəticəsi olaraq bildirib ki, Azərbaycan bir neçə sahədə Əməliyyat İmkanları Konsepsiyası Proqramını uğurla reallaşdırıb.
“Bu proqram tərəfdaş dövlətləri hərbi qüvvələrini NATO standartlarına uyğun inkişaf etdirməyə şərait yaradır,” o qeyd edib.
Azərbaycan Silahlı Qüvvələrinin mayoru Pərviz Sürətzadə isə deyib ki, kəşfiyyat bölüyü təlimlərdə uğurla iştirak edib.
“Təlimlərin nəticələri Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün NATO qüvvələri ilə birgə istənilən ölkədə keçiriləcək əməliyyatlarda iştirakı zamanı heç bir problem olmayacağının əyani sübutudur,” Sürətzadə bildirib