Accessibility links

Azərbaycan Ordusu Ağdama daxil oldu


Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş Naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq cümə günü Ağdam rayonu Azərbaycanın nəzarətinə qaytarılıb.

Azərbaycan Müdadfiə Nazirliynin bildirir ki, Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

27 il öncə şəhər işğal olunduqdan bəri ilk dəfə olaraq Ağdam məscidində cümə namazı qılınıb.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Qarabağ istiqamətində sentyabrın 27-də hərbi əməliyyatlar bərpa edilib. Ağır döyüşlər nəticəsində Azərbaycan beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini azad edib. 44 gün davam edən döyüşlərdən sonra noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyyatların dayandırlması barədə razılıq əldə edilib. Razılaşmaya əsasən Ermənistan noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonundan hərbi qüvvələrini çıxararaq Azərbaycana qaytaracaq.

Bəyanata uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Ağdam rayonu 1930-cu ildə yaradılıb.

1993-cü il iyulun 23-də Ağdam rayonunun 846,8 kvadrat kilometr (rayon ərazisnin 77,4 faizi) ərazisi, bir şəhər və 80 kəndi erməni qüvvələrinin nəzarətinə keçib.

Ümumi statistik məlumatlara görə, rayondakı 38 kənd təssərüfatı obyektinin 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü ermənilərin nəzarətində olan ərazidə qalıb. Ağdam rayonu ərazisindəki çox sayda tarixi abidələr, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi dağıdılıb.

Ağdam döyüşləri zamanı təqribən 6,000 insan həlak olub. Rayonun 1993-cü ildə olan 160,000 nəfər əhalisindən 143,000 nəfəri öz ölkəsində məcburi köçkün olub.

Rəsmi statistikaya görə, hazırda Ağdam rayonunun 204 000 əhalisi var. Onlardan 160,000-ə yaxını məcburi köçkündür.

XS
SM
MD
LG