Fransanın Azərbaycandakı səfiri Orelia Buşezi Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə səfirə Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.
Mətbuat xidməti bildirir ki, Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib, Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi notası təqdim olunub.