Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanın Ermənistanla sərhədinin Naxçıvan hissəsində atışma olduğu barədə məlumat verib. Ermənistan tərəfi atışmla ilə bağlı məlumatı təsdiqləyərək, bir əsgərin həlak olduğunu bildirib.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutduğunu bildirib. Nazirlik Azərbaycan ordusunun bir hərbi qulluqçusunun yaralandığı haqda məlumat verib və ərazidə vəziyyətin stabil olduğunu bildirib.
Ermənistanın Müdafiə Nazirliyi iyulun 14-də baş verən atışma zamanı bir əsgərin həlak olduğu haqda məlumat verib. Nazirliyin məlumatına əsasən, insident Azərbaycan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində Yerasx istiqamətində öz mövqelərini irəli çəkməyən cəhd etdiyi zaman baş verib.
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı bəyanatında Ermənistanı “bölgədəki kövrək sülhü pozmaq cəhdlərinə” görə qınayıb.
Keçən il Dağlıq Qarabağda Rusiyanın vasitəçiliyi ilə üçtərəfli razılaşma ilə sona çatan müharibədən sonra Azərbaycan və Ermənistan arasında sərhəddə gərginliklər davam edir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ Azərbaycan və Ermənistan arasında sərhəddə gərginliyin danışıqlar vasitəsilə həllinə dəfələrlə çağırışlar edib.
Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.