Son iki gündə Azərbaycan Dövlət Televiziyasının (AZ.TV) iki əməkdaşı koronavirus infeksiyasına yoluxaraq vəfat edib.
Belə ki, iyulun 2-də AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru Etibar Babayev və iyulun 1-də ictimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Samir Nəcəfzadə vəfat edib.
Televiziyadan iyulun 1-də yerli mediaya bildiriblər ki, hazırda daha 5 əməkdaş xəstəxanada müalicə alır, 1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur.
“Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar işə buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir," televiziyanın səlahiyyətli şəxsi deyib.
Bununla yanaşı, CBC TV-nin də 8 əməkdaşının testi pozitiv çılxıb.
“COVİD 19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində CBC telekanalının baş direktoru Vüqar Xəlilovun təşəbbüsü ilə CBC TV-nin əməkdaşları planlı surətdə tanınmış klinikalardan birində koronavirusa dair test analizi veriblər. Şirkətin 200-dək əməkdaşı arasında yalnız 8 nəfərdə testin cavabı pozitiv olub,” televiziyanın əməkdaşı Səadət Məmmədova facebook səhifəsində yazıb.
Azərbaycanda ictimaiyyətin və hökumətin səylərinə baxmayaraq COVİD-19 sürətlə yayılmaqda davam edir. Hökumət qabaqlayıcı tədbirlərini davam etdirərək iyulun 20-dək sərtləşdirilmiş karantin rejimini uzadıb.
Rəsmi məlumatda deyilir ki, son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında da infeksiyaya yüksək yoluxma faktları aşkar edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən iyulun 20-dək uzadılıb.
Bundan əlavə, 2020-ci il iyulun 4-dən iyulun 20-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda iyulun 20-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində iyulun 20-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.