Sentyabrın 21-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 39 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər vəfat edib, aktiv xəstə sayı 1 868 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 011, bu günə qədər isə ümumilikdə 1 057 803 test icra olunub.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi sentyabrın 30-dək davam edəcək.
Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla) və bununla da ölkə ərazisində hərəkət tam bərpa edilib.
Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-dən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilib.
Sentyabrın 14-də Bakıda metronun hərəkəti bərpa edilib. Karantin dövründə şənbə və bazar günləri ictimai nəqliyyat işləmir.