Azərbaycanlı fizik Rəşid Əliyev avqustun 11-də İranda vaxtından əvvəl həbsdən azad edilib. Cənab Əliyev 2008-ci il oktyabrın 5-də Iranda Azərbaycanın xeyrinə casusluqda ittihamla saxlanmışdı və sonra 3 il azadlıqdan məhrum edilmişdi. Alim ittihamı qəbul etmir və uydurma adlandırır. “İranda mənə deyirdilər ki, elmi layihələri yaddaşımda Azərbaycana keçirmişəm. Çox gülməlidir. Mən orada səhrada böyük obyektlər qurmuşam və layihələrin müəllifiyəm”, - deyə o “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.
Alim Bakı Dövlət Universitetinin Fizika Problemləri Mərkəzinin aparıcı elmi işçisidir, lazer sahəsində mütəxəssisdir. İranın “Sazan Electronics İndustry Company” ilə bağlanmış müqavilə əsasında iki il həmin ölkədə işləyib.
İran qanunlarına görə, məhkəmənin qərarı olmadan heç kim 1 aydan çox həbsxanada qala bilməz. Lakin alim belə qərar olmadan 1 il, 1 ay həbsdə saxlanılıb və bundan sonra onu qiyabi olaraq 3 il azadlıqdan məhrum ediblər. “Hökm oxunarkən mən məhkəmədə olmamışam. Vəkilim və Azərbaycan səfirliyinin əməkdaşları da məhkəməyə buraxılmayıb”.
Cənab Əliyev Tehranın “Evin” həbsxanasında saxlanılıb. Onu bir neçə ay təkadamlıq kameraya salıblar. “Burada çoxlu sayda siyası məhbuslar var. Ötən il prezident seçkiləri zamanı həbs edilənlər də, milli-mədəni haqları uğrunda mübarizlər də bu həbsxanada saxlanılır. Evin Həbsxanasında ölüm hökmünə məhkum olunanlarla digər dustaqların bir yerdə saxlanması məhbuslara çox pis təsir göstərir.
Azərbaycanlı alim birdən həbs edildiyi kimi, özünün gözləmədiyi anda da azadlığa buraxılıb. “Məni çağırdılar və bizim səfirliyin iki əməkdaşına təhvil verdilər. Məni Bakıya göndərdilər”.
O ”Evin” həbsxanasında məhbuslarla yaxşı davranıldığını deyib. “Amma orada hüquqi yardım yox dərəcəsindədir. Psixoloji təsir o qədər qorxuncdur ki, dustaqlar ölümü orada qalmaqdan daha üstün tutur. Çox hallarda insanlar damarlarını, boğazlarını kəsir. Mən də hər axşam yatanda ölümümü düşünürdüm. Deyirdim ya ölüb cənnətə gedəcəm, ya da azad olunacam. Oradakı qorxunc həyatdan bunların hər ikisi yaxşıdır”.
Cənab Əliyev həbsdən azad edilməsinə kömək edən Azərbaycan hökumətinə, demokratik mediaya, o cümlədən “Amerikanın səsi” radiosuna təşəkkürünü bildirib. “Amerikanın səsi” teleradiosunda gedən məlumatlar çox tez zamanda həbsxanada yayılır. Bütün dustaqların danışıq mövzusuna çevrilir. Dustaqların mötəbər xəbər mənbələri var və orada yayılan xəbərlər həmişə düz olur”, - deyə alim qeyd edib.